Monteneqro Respublikasının Dövlət İdarəçiliyi Naziri Dövlət İdarəçilik Akademiyasında olub
İyl 05 , 2017 – 09:56
İyul ayının 5-də Monteneqro Respublikasının Dövlət İdarəçiliyi naziri xanım Pribilovic Suzana, nazirliyin dövlət katibi cənab Jovetic Goran, nazirliyin idarə rəisi xanım Perovic Milica Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olublar.
Dövlət İdarəçilik Akademiyası və ASAN xidmətin təcrübəsi ilə tanış olmaq məqsədi daşıyan görüşdə qonaqlara Akademiyanın yaradılması, məqsədləri, inkişaf yolu, dövlət qulluqçularının təhsilə cəlb edilmələri, ixtisaslarının artırılması, o cümlədən həyata keçirilən layihələr, gələcək planlara dair məlumat verilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqlara Azərbaycan Respublikasının dövlət idarəçilik modeli, ölkənin əldə etdiyi nailiyyətlər və bu uğurların beynəlxalq təşkilatların hesabatlarında qeyd edilməsi barədə geniş məlumat verib. Rektor Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli Liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib. O, əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayandığını bildirib. Eyni zamanda rektor inkişaf strategiyasının reallaşdırılmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusi ilə Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə də diqqət çəkib. Daha sonra o, qeyd edib ki, 2017-ci ilin martında BMT-nin və 2017-ci ilin may ayında Dünya Bankının dərc etdirdikləri hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Bu, keçmiş SSRİ, “Böyük yeddilik” (G 7) və “Böyük iyirmilik” (G 20) ölkələri ilə Azərbaycanın göstəricilərinin müqayisəli təhlili əsasında auditoriyanın nəzərinə çatdırılıb. Eyni zamanda sosial göstəricilərdən də bəhs edən akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin bu baxımdan da qısa müddətdə sürətlə inkişaf etdiyini və bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu bildirib.
Ölkənin əldə etdiyi uğurlarla əyani vasitələrlə tanış olan qonaqlar Dövlət İdarəçilik Akademiyasının dövlət qulluqçularının təhsilə cəlb edilməsi, ixtisaslarının artırılması istiqamətinə həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirmiş, Dövlət idarəçiliyi sahəsində iş prinsipi ilə tanış olan nümayəndə heyəti “ASAN xidmət” və DİA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb, əməkdaşlıqlarının davam etdirilməsi üçün müvafiq addımlar atacaqlarını bildiriblər.
Görüşdə Akademiyanın I prorektoru (tədris işləri üzrə) prof. Əlikram Abdullayev, rektorun analitik məsələlər üzrə müşaviri dos. Ziyafət Həbibova, Elm-təşkilat şöbəsinin müdiri dos. Rəcəb Rəhimli, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun Direktoru prof. Gülnarə Qurbanova iştirak etmişlər.