loader image

Dia.edu.az

Dövlət idarəçiliyinə dair DİA və ASAN-ın birgə seminarı keçirilib
İyl 03 , 2017 – 09:18

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Azərbaycanın innovativ inkişaf modeli” mövzusunda növbəti seminar keçirilib.

Rayonun müxtəlif dövlət qurumlarının əməkdaşları və Qəbələ ASAN Xidmət Mərkəzində çalışan dövlət qulluqçuları və könüllülər üçün təşkil edilmiş seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, millət vəkili professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli məruzə ilə çıxış ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının dövlət idarəçilik modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə edib. Akademik ilk öncə ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli Liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib və bunun sayəsində ölkədə qısa zaman kəsiyində iqtisadi və sosial sahədə yüksək nailiyyətlər qazanılması üçün şəraitin yarandığını vurğulayıb. Natiqin bildirdiyinə görə, əldə edilmiş nailiyyətlərin kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. U. Ələkbərov inkişaf strategiyasının reallaşdırılmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə də diqqət çəkib.

Urxan Ələkbərov qeyd edib ki, 2017-ci ilin martında BMT-nin və 2017-ci ilin may ayında Dünya Bankının dərc etdirdikləri hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Bu, keçmiş SSRİ, “Böyük yeddilik” (G 7) və “Böyük iyirmilik” (G 20) ölkələri ilə Azərbaycanın göstəricilərinin müqayisəli təhlili əsasında auditoriyanın nəzərinə çatdırılıb. Eyni zamanda sosial göstəricilərdən də bəhs edən akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin bu baxımdan da qısa müddətdə sürətlə  inkişaf etdiyini və bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu bildirib.  

Seminarda çıxış edən millət vəkili, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli vurğulayıblar ki, ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlayıb. Dövlət müstəqilliyimiz möhkəmlənib, ölkə daxilində siyasi sabitliyə nail olunub, Ulu Öndərin formalaşdırdığı siyasət bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiqlər çıxışlarında ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, dövlət qulluğunun innovativ qiymətləndirmə metodları, müasir çağırışlara cavab verən kreativ kadr potensialının formalaşdırılması və idarəedilməsi məsələlərinə diqqət çəkiblər. Məruzələrdən sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.