Akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının təqdimatı olub
Apr 07 , 2017 – 06:32
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının təqdimatı olub.
Akademik Ramiz Mehdiyevin Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatı tərəfindən çap edilən bu kitabı XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, əsərdə Azərbaycan reallıqlarını əks etdirən olduqca aktual məsələlərə toxunulub. Rektor kitabın rus dilində nəşrinin onun daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, akademik Ramiz Mehdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçməsinə baxmayaraq ölkəmizin çox yüksək nailiyyətlər əldə etməsi və bu nailiyyətlərin kökündə dayanan səbəbləri böyük ustalıqla təhlil edib.
Kitabın “Modernləşmə və innovasiyalı iqtisadiyyat” bölməsində yer alan fikir və mülahizələr dərin araşdırma və təhlillərin nəticəsi olmaqla yanaşı, eyni zamanda, ölkənin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilməlidir. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələlərinə ilk dəfə elmi cəhətdən yanaşılıb. Müəllif müstəqilliyin ilk illərində gedən prosesləri hərtərəfli təhlil edərək məhz dövlət quruculuğunun elmi əsaslarını açıqlayıb, milli ideyanın və dövlətçiliyin yaradılması üçün zəruri olan əsas tezisləri nəzərdən keçirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin qurulması dövrünü təhlil edən akademik Ramiz Mehdiyev məhz onun milli müstəqilliyin, dövlət suverenliyinin qorunub saxlanması, milli identikliyin inkişaf etdirilməsi siyasəti sayəsində azərbaycançılığın Azərbaycan cəmiyyətini birləşdirən milli ideyaya çevrildiyini qeyd edib. Əsərdə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan potensialının formalaşdırılması, elmin ən yeni nailiyyətlərinin, müasir texnologiyaların və yeni dövlət idarəçilik metodlarının elmi əsaslarla tətbiqi nəticəsində inkişaf hədəflərinə nail olunmasından bəhs edilir. Kitab Dövlət İdarəçilik Akademiyasında təhsil alan gənc idarəçi kadrların tədris proqramlarına daxil ediləcək və bu sahədə çalışan elmi tədqiqatçılar üçün çox dəyərli mənbə olacaq.
DİA-nın tədris işləri üzrə I prorektoru professor Əlikram Abdullayev bildirib ki, müəllif kitabda milli ideyanın formalaşması mərhələlərini ətraflı təsvir edir, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin rolunu təhlil edir, Azərbaycan etnomədəni məkanına xas olan modelləri nəzərdən keçirir. XXI əsrdə Azərbaycan ideyasının inkişafı yollarını da diqqət mərkəzində saxlayan akademik Ramiz Mehdiyev tarixi prosesləri, müasir dünyada mövcud meyilləri və Azərbaycanın imkanlarını nəzərə alaraq əmin olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməlidir. Kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması Azərbaycanda inkişaf etmiş müasir cəmiyyət yaradılmasına gətirib çıxaracaq hərəkətverici qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir.
Akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru dosent Mehdi Abdullayev qeyd edib ki, əsərin əhəmiyyəti bir tərəfdən milli ideyamız olan azərbaycançılığın doktrinal əsaslandırılmasında, digər tərəfdən isə həmin ideyanın ümummilli lider Heydər Əliyevin hələ də sovet dövründən olan fəaliyyətində hansı şəkildə təzahür etməsinin və həyata keçməsinin əyani şəkildə göstərilməsində və müəllifin qeyd etdiyi kimi, bir millət olaraq kimik və hara gedirik kimi fundamental suallara cavabın tapılmasındadır. Kitabın birinci fəslində ümummilli lider Heydər Əliyev idarəçiliyinin sovet dövründə başlayan bütün mərhələlərinin fəlsəfi təhlili verilib. İkinci fəsildə milli ideyanın formalaşması prosesini mərhələlərə bölən akademik Ramiz Mehdiyev milli ideya rüşeymlərinin yarandığı gündən bu günümüzə kimi həmin prosesin elmi təhlilini verib. Üçüncü fəsildə kreativ insanlar milləti kimi nisbətən elmimizdə yeni olan terminin anlayışı və elmi təhlili öz əksini tapıb. Dördüncü fəsildə qloballaşan şəraitdə milli kimlik, millətçilik, identiklik kimi sanballı elmi kateqoriyalar nisbətən sadə dildə geniş oxucu kütləsini nəzərə alaraq açılıb və təhlil edilib. Kifayət qədər mürəkkəb elmi anlayışların bu dərəcədə anlaşılan və sadə dildə çatdırılması müəllifin predmeti nə qədər virtuoz şəkildə mənimsəməsinin göstəricisidir. “Gənclik Azərbaycanın aparıcı qüvvəsi kimi” adlı beşinci fəsildə isə Azərbaycanda gənclər siyasətinin mahiyyəti açılır.
Kitab barədə fikirlərini bölüşən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri professor Etibar Nəcəfov deyib ki, bu mənbədə XXI əsrdə müstəqil Azərbaycan dövlətinin mahiyyətini açıqlayan dəyərlərin təşəkkülündə və möhkəmlənməsində çox mühüm rol oynayan azərbaycançılığın güclü dövlət hakimiyyətinin mövcudluğuna və milli maraqları ifadə edən yüksək milli intizama, formalaşmaqda olan milli mənlik şüuruna söykənməsi faktlarla əsaslandırılıb. Kitabda milli ideyanın formalaşması mərhələlərinin ətraflı təsviri, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin rolu ilə bağlı təhlillər əsərin bu sahənin tədqiqatçıları üçün dəyərli bir mənbə ola biləcəyini deməyə əsas verir. Akademik Ramiz Mehdiyevin bu kitabı Dövlət İdarəçilik Akademiyasında təhsil alan gənclər üçün də dəyərli mənbə olacaq. Bu baxımdan əsərin tədris proqramlarına daxil edilməsi xüsusi önəm kəsb edir.
Akademiyanın tarix kafedrasının professoru Musa Quluzadə bildirib ki, kitabda cəmiyyət və dövlət məfhumlarının fəlsəfəsindən, tarixdə milli ideyanın rolundan geniş bəhs edilir. Kitab vasitəsilə milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə ətraflı yer verilir. Aktual mövzuları əhatə edən elmi əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən müəllifin bu kitabı zamanla sınanmış elmi baxışlar, fikir və mülahizələrlə zəngindir. Bu fundamental əsərdə gələcək Azərbaycanın qurulmasında gəncliyin rolu, informasiya cəmiyyətində onun yeri və innovasiyalı inkişafda gənclərin iştirakı təhlil olunur. Bu kitab akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq.
DİA-nın beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, kitabda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin qurulması dövrünü nəzərdən keçirən akademik Ramiz Mehdiyev 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanın öz strateji seçimini etdiyini, müasir, dünyəvi, beynəlxalq aləmə inteqrasiya edən, demokratiyanın əsaslarına sadiq olan ölkə kimi inkişaf etməyə başladığını qeyd edir. Müəllif diqqətə çatdırır ki, məhz ulu öndər Heydər Əliyevin milli müstəqilliyin, dövlət suverenliyinin qorunub saxlanması, milli identikliyin inkişaf etdirilməsi siyasəti sayəsində azərbaycançılıq Azərbaycan cəmiyyətini birləşdirən milli ideyaya çevrildi. Bu gün azərbaycançılıq milli inkişaf ideologiyası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə birləşməsi deməkdir. O, güclü dövlət hakimiyyətinin mövcudluğuna və milli maraqları ifadə edən yüksək milli intizama, formalaşmaqda olan milli mənlik şüuruna əsaslanır, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, millətin və dövlətin öz potensialından irəli gələn, təkamülə əsaslanan daimi islahatçılığı təbliğ edir.
Çıxışlardan sonra kitabla bağlı müzakirələr aparılıb.