Gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Apr 01 , 2017 – 10:31
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tələbə gənclər təşkilatının fəalları, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nəzdində yaradılan “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri Qubaya səfər ediblər.
Erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də Azərbaycanın əksər bölgələrində törədilən soyqırımının 99-cu ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən gənclərə həmin dövrdə xalqımızın yaşadığı faciələr tarixi faktlar və əyani sübutlarla izah olunub.
DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayev tələbələrə erməni millətçilərinin XX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat verərək bildirib ki, Şamaxı, Quba, Göyçay, Naxçıvan, Zəngəzur və İrəvan quberniyasının bütün qəzalarında Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Nəticədə yalnız 1918-ci ilin yaz-payız aylarında on minlərlə günahsız insan – Azərbaycan türkləri, ləzgilər, talışlar, dağ yəhudiləri, tatlar, kürdlər qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyevin tarixi həqiqətləri ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman barədə ziyarətçilərə məlumat verilib.
Qeyd olunub ki, məhz həmin tarixdən azərbaycanlıların erməni millətçiləri tərəfindən soyqırıma məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib və bu hadisələr siyasi qiymətini alıb.
Erməni millətçilərinin Azərbaycan torpaqlarında törətdikləri bütün vəhşiliklər BMT-nin Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli “Genosid siyasətinin qarşısının alınması və cəzalandırlıması haqqında” Konvensiyasında göstərilən soyqırımı cinayətlərini özündə ehtiva etdiyindən Azərbaycan xalqına qarşı soyqırımı kimi qiymətləndirilməlidir.
Tələbələr səfər çərçivəsində Qubanın Qırmızı qəsəbəsində yerləşən sinaqoqda və şəhərin mərkəzində fəaliyyət göstərən məsciddə olublar. Müxtəlif dini inanclara malik insanlarla görüşən gənclər multikultural dəyərlərin yüksək səviyyədə qorunduğunun, təmsil etdikləri xalqın tolerantlıq ənənələrinə sadıq qaldığının bir daha şahidi olublar.