loader image

Dia.edu.az

Gürcüstan Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib
Mart 17 , 2017 – 02:09

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gürcüstan Prezidenti George Marqvelaşviliyə DİA-nın Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

DİA-nın  rektoru, akademik Urxan Ələkbərov mərasimi açaraq, Gürcüstan Prezidentini akademiyanın kollektivi adından salamlayıb, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq münasibətləri, elm və təhsilin inkişafına, təhsilin məzmununun yeniləşdirilməsi, müstəqil Gürcüstan üçün kadr hazırlığı prosesinə layiqli töhfələr vermiş ali qonağın Dövlət İdarəçilik Akademiyasına gəlişini önəmli hadisə kimi dəyərləndirib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğuna diqqət çəkən rektor bunun müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində mümkün olduğunu vurğulayıb. U.Ələkbərov həmçinin bu gün beynəlxalq müstəvidə özünü doğrultmuş, öz seçimini qoruyan və dinamik inkişaf edən, həm regional, həm də qlobal xarakterli layihələrdə fəal iştirak edən  Azərbaycan və Gürcüstan arasında bütün sahələırdə ikitərəfli münasibətlərin gücləndirilməsinin zəruri olduğuna da diqqət çəkib.

Daha sonra DİA-nın Humanitar və Sosial Məsələlər üzrə prorektoru Mehdi Abdullayev Azərbaycanla Gürcüstan arasında ənənəvi dostluq münasibətlərinin qorunması, elm və təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə Gürcüstan dövlətinin başçısına Fəxri doktor adı verilməsi haqqında Elmi Şuranın qərarını oxuyub. Prezident George Marqvelaşviliyə  DİA-nın Fəxri doktoru diplomu, doktor mantiyası, habelə xatirə hədiyyələri təqdim edilib.

Prezident George Marqvelaşvili mərasimdə çıxış edərək, Gürcüstan dövlətinin təşəkkülünün əsas mərhələlərindən, yeni ictimai-siyasi formasiyaya keçid dövründə gürcü xalqının qarşılaşdığı çətinliklərdən danışıb.

Gürcüstan-Azərbaycan münasibətlərinin perspektivlərindən bəhs edən ali qonaq Azərbaycanın yüksək iqtisadi potensialını vurğulayıb. Gürcüstan lideri Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin Gürcüstan üçün böyük əhəmiyyət daşıdığına da diqqət çəkib.  Azərbaycanı regionun önəmli dövləti kimi dəyərləndirən Prezident George Marqvelaşvili ölkəmizin qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin xidməti olduğunu dilə gətirib. Ali qonaq bu gün bütövlükdə bölgədə ictimai-siyasi sabitlik, yüksək iqtisadi inkişaf tempinə Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörənliyi və qətiyyəti nəticəsində nail olduğunu bildirib. Gürcüstan lideri regional məsələlərə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə Prezident İlham Əliyevin diqqətini yüksək qiymətləndirib. O xüsusi vurğulayıb ki, bu gün ölkələrimiz yeni inkişaf strategiyasını müəyyən edirlər, bizim birliyimiz, birgə layihələrimiz və energetika sektorunda, xüsusilə Bakı – Tbilisi – Ceyhan neft kəməri ilə başlanmış əməkdaşlığımız digər sahələrə də öz təsirini göstərir və bu tendensiya həm Azərbaycan, həm də Gürcüstan Prezidentləri tərəfindən dəstəklənir.

Yekunda George  Marqvelaşvili Azərbaycana gəlişindən böyük məmnunluq duyduğunu bir daha dilə gətirib.