Xocalı soyqırımı tarixin qanlı səhifəsidir
Fev 23 , 2017 – 04:56
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Heydər Əliyev Mərkəzi və DİA-nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti apardıqlarını bildirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri faciələrdən danışan rektor diqqətə çatdırıb ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini xatırladan akademik U. Ələkbərov faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rolundan bəhs edib.
Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.
Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehtiyeva erməni silahlı birləşmələrinin torpaqlarımızda, o cümlədən Xocalıda məhz günahsız və dinc insanların qanlarını axıtdıqlarını bildirib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını xatırladan M. Mehtiyeva bu işin davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı haqqında məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər, sərgilər təşkil olunur, müxtəlif dillərdə bukletlər və kitablar nəşr etdirilir.
M. Mehtiyeva Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, bu kampaniya beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaqla yanaşı, həm də dünyada oxşar hadisələrin baş verməməsinə çağırış məqsədi daşıyır.
Sonra DİA-nın Tarix kafedrasının professoru Həvva Məmmədova, akademiyanın Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, dosent Elçin Əhmədov, Xocalı sakini olan DİA tələbəsi Rza Mustafayev və digər çıxış edənlər də ermənilərin törətdikləri Xocalı soyqırımının dəhşətlərindən bəhs edib, bu faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini bildiriblər.