Dövlət İdarəçilik Akademiyasında Gənclər Təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
Dek 26 , 2016 – 06:48
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil Gənclər Təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Dövlət İdarəçilik Akademiyası ilə tanışlıqdan sonra DİA-nın böyük akt zalında tədbir davam etdirilmişdir.
Qonaqları salamlayan rektor, akademik U.Ələkbərov Dövlət İdarəçilik Akademiyası haqqında geniş məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmış, ölkədə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyasının Gənclər Şurasının sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər İttifaqları Təşkilatının sədri, millət vəkili Şahin İsmayılov, Dövlət İdarəçilik Akademiyası Humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev, Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edən Cavidan Abdullayev ölkədə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, ölkəmizin inkişaf göstəricilərindən, gənclər arasında vətənpərvərlik hisslərinin güclənməsindən və digər maraq doğuran məsələlər barəsində geniş çıxış ediblər. Diqqətə çatdırılıb ki, dövlət idarəetmə sahəsi üçün gənc mütəxəssislərin hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan DİA-nın tələbələri qarşısında çox məsul missiya durmaqdadır. Natiqlər, Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasəti olduğunu qeyd etmişlər.
Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən intellektual səviyyənin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət strukturlarında təmsil olunması və s. məsələlər barədə fikirlərini bölüşmüşlər.
Görüşün sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.