Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Ulu Öndərin xatirəsini anma mərasimi keçirilib
Dek 09 , 2016 – 05:00
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin DİA-dakı büstü önünə tər güllər düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin adı ölkəmizin tarixinə əbədi həkk olunub, Ümummilli Liderin xatirəsi xalqımız tərəfindən həmişə dərin ehtiramla yad edilir.
Rektor bildirib ki, Azərbaycanın müasir tarixində Ulu Öndərin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilir.
Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən söz açan Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva diqqətə çatdırıb ki, Ümummilli Lider həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Ölkəmizin qazandığı bütün nailiyyətlərin müdrik rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən M.Mehdiyeva vurğulayıb ki, Ümummilli Liderin uğurlu neft strategiyası ilə Azərbaycan tarixi inkişaf şansı qazanıb və ötən illərdə böyük tərəqqi yolu keçib.
Tədbirdə Milli Məclisin deputatları – DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, Aydın Mirzəzadə və başqaları məruzələrində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışıblar. Natiqlər Ulu Öndərin parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən qoruyub saxlamasını, Vətən və xalq qarşısında xidmətlərini xatırladıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızın inkişafı naminə əlindən gələni əsirgəməyib. Ulu Öndər xalqımızın parlaq siması olmaqla yanaşı, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.