Ankarada “Davamlı İnkişafın hədəfləri 2015-2030: Azərbaycan təcrübəsi və beynəlxalq qiymətləndirmə” mövzusunda seminar keçirilib
Noy 17 , 2016 – 01:20
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) dövlət qulluqçuları üçün təşkil olunan seminarda iştirak ediblər. “Davamlı İnkişafın hədəfləri 2015-2030: Azərbaycan təcrübəsi və beynəlxalq qiymətləndirmə” mövzusunda seminarda elm adamları və 22 ölkədən olan doktorant və gənc tədqiqatçılar iştirak ediblər. Seminarda təqdim olunmuş məruzəsində DİA-nın rektoru, akademik U.Ələkbərov ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin “G 7” qrupuna daxil olan dövlətlərlə müqayisədə gözəçarpan inkişaf göstəriciləri auditoriyanın böyük marağına səbəb olub. Çıxış zamanı xüsusi vurğulanıb ki, mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda əldə edilib, bu problemlər olmasaydı qazanılacaq uğurların miqyası daha böyük olardı.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli 25 illik müstəqillik dövründə Azərbaycanın dövlət qulluğu sistemində aparılan islahatlar, dövlət idarəçiliyi kadrlarının təkmilləşdirilməsi tədbirləri barədə məlumat verib.
Yekunda respublikamızda və bölgədə baş verən proseslərin dünyaya çatdırılmasında, eyni zamanda, Türkiyə tarixinin, mədəniyyətinin öyrənilməsi və təhsil təcrübəsindən istifadə edilməsi baxımından belə seminarların əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.