loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının əməkdaşları Naxçıvanın mədəniyyət müəssisələrində olublar
Okt 25 , 2016 – 04:38

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və akademiyanın bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və bölmənin tərkibində fəaliyyət göstərən, nadir bitkilərin və ağacların qorunduğu “Nəbatat bağı” ilə tanışlıq olub.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikanın ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti var. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il iyunun 5-də imzaladığı Sərəncam ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Kompleks çoxsaylı turistləri özünə cəlb etməklə yanaşı, həm də son dövrlərdə mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Daha sonra qonaqlar yerli məhsulların nümayiş etdirildiyi Naxçıvan Biznes Mərkəzində olublar. Məlumat verilib ki, mərkəzdə kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər bir çox çeşiddə yerli məhsullar sərgilənir. Mərkəz, eyni zamanda, yerli sahibkarların fəaliyyətinin stimullaşdırılmasında, onlara müxtəlif metodik köməyin göstərilməsində əhəmiyyətli rol oynayır.