loader image

Dia.edu.az

Azərbaycanda dövlət qulluğu üzrə təlimlərə dəstək birgə layihəsi həyata keçiriləcək
İyl 08 , 2016 – 09:29

İyulun 1-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” adlı birgə layihənin imzalanması mərasimi keçirilib.

Sənəd BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai və Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən imzalanıb.

Layihə BMT-nin İnkişaf Proqramı tərəfindən Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçiriləcək. BMTİP və Avropa İttifaqi tərəfindən birgə maliyyələşdirilən bu layihədən ümumilikdə 500 nəfərdən çox insan yararlanacaq.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, bu gün Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. Rektor ümummilli lider Heydər Əliyevin ölkədə dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı istiqamətində mühüm fəaliyyətini qeyd edib, Prezident İlham Əliyevin Azərbaycanda dövlət idarəçiliyinin innovativ inkişafında xidmətlərindən söz açıb. Bildirib ki, bunun nəticəsi olaraq, BMT tərəfindən qəbul edilmiş 2015-2030-cu illər üçün Davamlı İnkişaf Məqsədlərində nəzərdə tutulan məsələlərin bir çoxu artıq ölkədə yüksək səviyyədə həllini tapıb. Bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Hazırkı layihənin reallaşdırılması ölkədə davamlı inkişafın planlaşdırılması və idarə edilməsi prosesini daha da sürətləndirəcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai qeyd edib ki, BMTİP-in DİA ilə əməkdaşlığı uzun müddətdir davam edir. O deyib ki, Azərbaycan institusional inkişaf sahəsində uğurlar əldə edib. Dünyanın hər yerində belə hesab edilir ki, güclü idarəetmə bacarığı olan dövlət qulluqçuları hər bir cəmiyyətin inkişafında əsas şərtdir. Bundan başqa, dövlət qulluqçularının peşə inkişafını davam etdirmək və əlaqələndirmək üçün təlim mərkəzinin yaradılması çox önəmlidir.

Layihə Avropa standartlarına uyğun olaraq dövlət qulluğu üzrə təlimin gücləndirilməsində Dövlət İdarəçilik Akademiyasına dəstək verilməsini nəzərdə tutur. Layihə təlim mərkəzinin yaradılması və işçi heyətin bacarıqlarının artırılmasında DİA-ya yardım edəcək. Həmçinin dövlət qulluğu üzrə təlimləri inkişaf etdirmək və əlaqələndirmək, o cümlədən dövlət orqanları və digər təlim mərkəzlərini metodoloji olaraq yardımla təmin etmək üçün Akademiyanın institusional bacarıqlarını gücləndirəcək.