Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib
İyn 23 , 2016 – 02:24
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluqçularının peşə bayramına həsr olunmuş “Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. Natiq, ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmiş, ulu öndərin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açmışdır. Dövlət qulluqçularının peşə bayramının Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edildiyini diqqətə çatdıran natiq respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsini xatırladıb.
Akademik U.Ələkbərov “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” adlı geniş məruzə ilə çıxış edib. Natiq məruzədə ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2016-cı il üçün qiymətləndirmələri ilə bağlı davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlərin bu mövzuya həsr edildiyini qeyd edib. O, davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərin yüksək olduğunu və bu faktın bir çox beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və BMT-nin hesabatlarında öz əksini tapdığını qeyd edib. Dünya Bankının və BMT-nin rəsmi hesabatlarında Azərbaycanın yüksək nəticələr əldə etdiyi qeyd olunur və respublikamız bu göstəricilərə görə bir sıra inkişaf etmiş ölkələri, o cümlədən “Böyük yeddilik” (G 7) və “Böyük iyirmilik” (G 20) qrupuna daxil olan bir çox inkişaf etmiş dövlətləri qabaqlayıb və hazırda da bu siyasət uğurla davam etdirilir, bütün bu nailiyyətlər dövlət idarəetməsinin uğurlarıdır-deyə natiq bildirib.
Daha sonra DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru professor Gülnarə Qurbanova “Davamlı inkişafın təmin olunmasında dövlət qulluqçularının yenidən hazırlanması”, DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli “Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticələrindən, “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əhəmiyyətindən danışılıb. Ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilmiş, müasir şəraitdə sosial-iqtisadi, mədəni, siyasi sahələrdə mürəkkəb məsələlərin həll etməyə qadir olan yeni gənc nəsil dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsinin uğurla həyata keçirildiyi bildirilmişdir.
Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyası Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının artırılması İnstutunun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının “Elektron idarəetmə”, “Regional idarəetmə” və “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisaslaşmalarından məzun olanlara magistr dərəcəli diplomlar təqdim edilmişdir.