loader image

Dia.edu.az

Ankarada Azərbaycanın inkişaf hədəflərindən bəhs edilib
İyn 06 , 2016 – 12:55

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov Ankarada “Azərbaycan Respublikasının innovativ tərəqqisi və 2015-2030-cu illər üçün davamlı inkişaf hədəfləri” mövzusunda keçirilən konfransda iştirak edib.

Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunda (TODAİE) təşkil edilən konfransda tanınmış elm adamları, hökumət və yerli idarəetmə orqanlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar iştirak ediblər.

Ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2016-cı il üçün qiymətləndirmələri ilə bağlı çıxış edən U.Ələkbərov diqqətə çatdırıb ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər bu mövzuya həsr edilib. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Həmin tədbirlərdən əvvəl Azərbaycanın davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul etməsi önəmli məqamdır.

Tədbirdə DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli “Davamlı inkişaf naminə Azərbaycanın dövlət qulluğu sistemində aparılan islahatlar, dövlət idarəçiliyi kadrlarının təkmilləşdirilməsi”, akademiyanın analitik təhlil işləri üzrə müşaviri, dosent Ziyafət Həbibova isə “Azərbaycan Respublikasında insan potensialının formalaşdırılması məsələləri, təhsil və məlumatlandırma sahəsində tətbiq edilən yeniliklər: davamlı inkişaf modelinin əsası kimi” mövzularında məruzələrlə ilə çıxış ediblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.