loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminarlar keçirilir
May 11 , 2016 – 10:32

Mayın 10-dan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində birgə yaradılan “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminarlar keçirilir.

Təlim-seminarlarda Türkiyənin Təhsil, Ədliyyə, Daxili İşlər, Maliyyə, Səhiyyə, Müdafiə, Nəqliyyat Dənizçilik və İnformasiya, Sosial Müdafiə, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəz Bankı, Ətraf Mühit və Şəhərsalma, Radio və Televiziya Üst Qurumu və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçularından ibarət heyət iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşqunu və digər qonaqları salamlamış, seminarın işinə uğurlar arzulamışdır. Daha sonra rektor Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi irsindən, bu sahədə uğurlu fəaliyyətindən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilən elmə əsaslanan innovativ dövlət idarəçiliyi strategiyasından danışıb.

Sonra Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun (TODAİE) professoru Seriye Sezen çıxış edərək Azərbaycan və Türkiyənin regionun güc mərkəzləri olmaqla yanaşı eyni zamanda elm, bilik mərkəzi kimi formalaşması baxımıından əhəmiyyətini qeyd etdi, hər iki ölkənin dövlət qulluqçularının təcrübə mübadiləsinin olmasını, kadr potensialının təkmilləşdirilməsi sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırdı.

Daha sonra Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşqun “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzə edərək iki ölkə arasında olan strateji əməkdaşlığın gücləndirilməsinə verilən töhfələr, bu əməkdaşlıq perspektivlərı və.digər məsələlər barədə fikirlərini bölüşdü. Səfir qeyd etdi ki, Türkiyə və Azərbaycan əlaqələri həqiqətən mükəmməl səviyyədədir. Azərbaycan və Türkiyənin qoyduğu böyük hədəflərə çatmaları üçün daha çox iş görülməlidir və belə bir imkan da mövcuddur. Azərbaycanın beynəlxalq aləmdə yüksələn, inkişaf edən, vacib enerji resurslarının olduğu, iddialı, gələcəyi parlaq bir ölkə olduğunu diqqətə çatdırıb. Daha sonra təlim-seminar iştirakçılarının sualları cavablandırılıb.