Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir
May 05 , 2016 – 11:30
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Rektor qeyd etmişdir ki, ölkəmizin müasir inkişaf tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ideyalarının və siyasi irsinin layıqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyada inkişaf etmiş ölkələr sırasında layıqli yerini tutmuşdur.
Elmi-praktiki konfransda Elmi təşkilat şöbəsinin müdiri dos. Rəcəb Rəhimli çıxış etmiş, daha sonra doktorant və dissertantların məruzələri dinlənilmişdir. Məruzələrdə ulu öndərin zəngin həyat və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli, mənəvi və ümumbəşəri dəyərləri, xarici siyasətinin müxtəlif aspektləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən istiqamətlərin təhlili və araşdırılmasının əhəmiyyətini qeyd etmişlər. Elmi-praktik konfransda 20 nəfər doktorant və dissertantın məruzələri dinlənilmişdir.