Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan multikulturalizmi və milli inkişaf modeli” mövzusunda elmi konfrans keçirilmişdir
May 04 , 2016 – 12:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan multikulturalizmi modelinin elmi cəhətdən öyrənilməsi və geniş təbliğ olunması “Tədbirlər Planı”nda qarşıda qoyulan əsas məsələlərdən biridir. Bu məqsədə nail olmaq üçün elmi konfransların, dəyirmi masaların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi və milli inkişaf modeli” mövzusunda elmi konfrans keçirilmişdir. Konfrans iştirakçılarını salamladıqdan sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə konfransı açıq elan etdi.
Elmi konfransda Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, DİA-nın Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri prof. Etibar Nəcəfov “Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasət fəaliyyətinin bir amili kimi” adlı məruzə ilə çıxış etdi. Konfransa qatılan qonaqlardan Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondunun” icraçı direktoru dos. Oktay Səmədov “Azərbaycanın milli mənəvi dəyərlərinin təbliği və qorunmasında Bilik Fondunun rolu”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin baş məsləhətçisi fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Liberal multikulturalizm və multikultural vətəndaşlıq konsepsiyaları kontekstində Azərbaycan multikulturalizmi”, Milli Tarix Muzeyinin elmi işçisi tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “XIX əsrin sonu XX əsrin əvəllərində Azərbaycan mətbuatında dini maarifçilik və tolerantlıq”, həmçinin DİA-nın professor-müəllim heyətindən prof. Fuad Məmmədov “Azərbaycanın sosial-iqtisadi inkişafında multikulturalizm siyasətinin əhəmiyyəti”, dos. Bayram Haqverdiyev “Azərbaycan multikulturalizmi ölkənin beynəlxalq aləmə inteqrasiya vasitəsi kimi”, dos. Şəfaət Abdullayeva “Tolerantlığın psixoloji aspektləri” və siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Azərbaycanda multikulturalizm fəlsəfi konsepsiya və mədəni siyasət kimi” adlı məruzə ilə çıxış etdilər.