Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” layihəsi üzrə növbəti tədbir keçirildi
Apr 08 , 2016 – 03:42
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” layihəsi çərçivəsində aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan ADPU-nun Elmi işlər üzrə prorektoru professor Asəf Zamanov qeyd etmişdir ki, müasir dövrdə təhsilin təkmilləşdirilməsi ölkəmizin davamlı inkişafı üçün xüsusi önəm daşıyır. Bununla əlaqədar təhsilin təkmilləşdirilməsinə dair dərin elmi araşdırmalar günün tələbindən irəli gəlir.
Professor Asəf Zamanov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” adlı realizə olunan layihə vacib hesab olunmalıdır. Tədris ocağımıza gələn layihə rəhbəri DİA-nın İnzibati İdarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılovu salamlayır və düşünürəm ki, bu günki məruzənin dinləyiciləri məmnuniyyətlə yeni məlumatlarla tanış olmaq imkanı əldə edəcəklər”.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasartırma təhsilinə cəlb edilmiş tam orta məktəblərin direktorları, direktor müavinləri, həmçinin müxtəlif fənn müəllimləri iştirak etmiş, məruzə maraqla dinlənmiş, dinləyicilər tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır.