DİA tələbələrindən Azərbaycan əsgərlərinə dəstək
Apr 05 , 2016 – 11:11
Aprelin 5-də cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenati yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Akademiyanın rektoru, akademik Urxan Ələkbərov şəhidlərin ailələrinə və xalqımıza səbr diləyib, bizim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, lakin Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyini vurğulayıb. Bildirilib ki, ermənilər xain niyyətinlərini gerçəkləşdirmək üçün növbəti dəfə təxribata əl atsalar da, qəhrəman ordumuz düşmənin layiqli cavabını verib. Prezident İlham Əliyevin “Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Biz Ermənistan torpağını işğal etməmişik, biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm” sözlərini rektor əsgərlərimizin mübarizliyini, şücaətini gənclərimizə örnək göstərərək Vətənin keşiyini çəkən hərbçilərimizlə qürur duyduğunu xüsusi qeyd edib. Gənclərimizin işğal olunmuş torpaqlarımızı azad etməyə hər an hazır olduqlarını Ali Baş Komandanın ətrafında sıx birləşdiyimizi söyləyən rektor əsgərlərimizə uğurlar, qalibiyyət arzulayıb.
Sonra çıxış edən siyasi elmlər doktoru Elçin Əhmədov və digərləri cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyini, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu vurğulayıblar.
Tələbələr təxribatçı düşmənə layiqli cavab verən ordumuzla, əsgərlərimizlə fəxr etdiklərini, Ali Baş Komandan əmr verərsə, könüllü cəbhəyə yollanmaq, düşməni məhv etmək əzmində olduqlarını bildiriblər.