loader image

Dia.edu.az

Makedoniya Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib
Mart 11 , 2016 – 11:06

Makedoniya Respublikasının Prezidenti George İvanov ölkəmizə səfəri çərçivəsində martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.

Görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Makedoniya Prezidentini akademiyanın kollektivi adından salamlayıb, müasir dünyada elm və demokratiyanın inkişafına layiqli töhfələr vermiş ali qonağın DİA-ya gəlişini önəmli hadisə kimi dəyərləndirib. Prezident George İvanovun Azərbaycana IV Qlobal Bakı Forumunda iştirak etmək üçün gəldiyini diqqətə çatdıran U.Ələkbərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonağa ətraflı məlumat verib.

Qonağı tədbir iştirakçılarına təqdim edən rektor bildirib ki, George İvanov Yuqoslaviyada Müqəddəs Kiril və Mefodii Universitetini bitirdikdən sonra bir müddət orada müəllim işləyib və hüquq professoru elmi adını alıb. Vətəndaş cəmiyyəti sahəsində tədqiqatlar üzrə aparıcı ekspert olan G.İvanov 2009-cu ildə böyük səs çoxluğu ilə Makedoniyanın dördüncü prezidenti seçilib. 2014-cü ildə keçirilən prezident seçkilərində makedoniyalıların əksəriyyəti yenidən səsini G.İvanova verib və onu ikinci müddətə ölkə prezidenti seçib. O, Türkiyə, Macarıstan, Çin və Rusiyanın aparıcı universitetlərinin fəxri doktoru, İncəsənət və Dünya Elmləri Akademiyasının həqiqi üzvüdür. Mühazirələr oxumaq üçün Avropanın tanınmış universitetlərindən çoxsaylı dəvətlər alır.

U.Ələkbərov bildirib ki, Dövlət İdarəçilik Akademiyasının elmi şurası Azərbaycan və Makedoniya respublikaları arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident George İvanova DİA-nın fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.

Daha sonra Makedoniya Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilməsi ilə bağlı DİA elmi şurasının qərarı elan olunub.

Prezident George İvanova DİA-nın fəxri doktoru diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim edilib.

Makedoniya dövlətinin başçısı DİA-nın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb. G.İvanov Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını xüsusi vurğulayıb.

Tədbirdə ali qonağın “Balkanlar, Qafqaz, Yaxın Şərq: Avropanın Bermud üçbucağı” mövzusunda məruzəsi dinlənilib.

Makedoniya Prezidenti tələbə gənclərə tövsiyələrini verib, sualları cavablandırıb.