loader image

Dia.edu.az

DİA-da şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilib
Fev 15 , 2016 – 12:07

Fevralın 12-də Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi işə başlayıb.

Seminar-müşavirənin açılışında çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev tədbirin məqsədindən söhbət açıb. Qeyd olunub ki, iki gün davam edəcək seminar-müşavirədə şəhər və rayonlarda dini qurumlarla işin təşkili ilə məşğul olan şəxslərə zəruri məlumatlar veriləcək, bu fəaliyyətin peşəkar səviyyədə təşkilinə dair müzakirələr aparılacaq. İştirakçılar qarşısında bilavasitə bu sahə ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, alimlər çıxış edəcəklər.

Zeynal Nağdəliyev deyib: “Bilirsiniz ki, bu gün dünyada gedən proseslərin, baş verən hadisələrin nəticəsində sosial-iqtisadi böhran yaşanır. Hazırda dünyanın dini liderləri də bir araya gələrək bu konfliktlərdən çıxış yollarını axtarırlar. Bu problemlərin kökündə elə müxtəlif dinlərə olan münasibət dayanır. Azərbaycanda da bunun müəyyən təsirləri görünməkdədir. Biz xeyli müddətdir bu radikal dini cərəyanlara qarşı mübarizə işini əsaslı şəkildə qurmağa çalışırıq. Xalqımızın dininə, mədəniyyətinə, əxlaqına yad olan bu xarici təsirlər insanlarımızı narahat edir. Ona görə də dövlətimizin başçısı tapşırıq verib ki, bu məsələ ilə yerlərdə icra hakimiyyətlərində xüsusi qurum məşğul olsun. Hesab edirik ki, siz dövlətin din siyasətinin həyata keçirilməsində düzgün iş qura biləcəksiniz. Düşünürəm ki, bu seminar-müşavirədə əldə edəcəkləriniz biliklər, məlumatlar sizə işinizdə yardımçı olacaqdır”.

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin məmurlara ən başlıca tapşırığı onların xalqa xidmət etməsi ilə bağlıdır. Bütün dövlət məmurları xalqın xidmətçiləridirlər. Bunun üçün məmurlar insanları narahat edən məsələləri bilməli, sosial problemləri müəyyən etməlidirlər. Məmurlar işlərini bunun əsasında qurmalıdırlar.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir. Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar.

Dinin cəmiyyət üçün çox həssas məsələ olduğunu vurğulayan Z.Nağdəliyev qeyd edib ki, bu məsələyə elmi yanaşma tələb olunur. Azərbaycanda din siyasətinin əsasında ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını deyən Prezident Administrasiyasının rəsmisi onu da bildirib ki, ölkəmizdə dinə, adət-ənənələrimizə hər zaman hörmətlə yanaşılıb. Dünyada dini abidələrin dağıldığı bir zamanda Azərbaycanda, əksinə, dini məbədlər bərpa olunur, yeniləri tikilir və bu, bütün dünyaya ölkəmizin dinə tolerant münasibətini nümayiş etdirir.

Sonra müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər” mövzusunda çıxış edib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında qısa məlumat verən M.Qurbanlı bildirib ki, ölkəmizdə dövlət din münasibətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyir. Komitənin 15 bölgə üzrə şöbələri var. Bütün rayonlarda komitənin nümayəndələri fəaliyyət göstərir.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda islam ənənələrinə uyğun fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi yalnız ölkəmizdəki məscidləri, islam məbədlərini idarə etmir, eyni zamanda, Qafqazın digər ərazilərindəki islam dini qurumları da onun tərkibinə daxildir.

“Dövlət-din münasibətləri XXI əsrin mövzusu deyil, dövlət yarandığı vaxtdan din də meydana gəlib. İnsanlar hələ qəbilə tayfa münasibətləri dövründə belə, ətraf mühiti dərk etməyə can atır, müəyyən inanclara, əşyalara sitayiş edirdilər. Bütün xalqlar bu yolu keçib. Çox qədim tarixə malik Azərbaycan xalqı da ayrı-ayrı dövrlərdə müəyyən dinlərə sitayiş edib. Bu gün isə Azərbaycan etnosu tam şəkildə İslamı qəbul edib, əhalinin 96 faizi İslam dininin daşıyıcısıdır. Azərbaycanda ayrı-ayrı konfessiyalara nəzər salsaq, burada yəhudi, pravoslav, katolik və başqa mənsəblərin nümayəndələrini görə bilərik”, – deyə M.Qurbanlı bildirib.

İslamı qəbul etdikdən sonra bu dinin Azərbaycan xalqının məişətinə daxil olduğunu vurğulayan komitə sədri qeyd edib ki, hətta Çar Rusiyasının hakimiyyəti dövründə belə Azərbaycan xalqının gündəlik həyatında İslam dini mühüm rol oynayıb. Sovet hakimiyyəti illərində isə din üzərinə dövlət tərəfindən sərt qadağalar qoyulmuşdu. Bu dövrdə ateist bir dövlət modeli qurulmuşdu.

Mübariz Qurbanlı deyib ki, müstəqilliyin ilk illərində din məsələsində bilgisizlik özünü büruzə verir, ölkəmizə çoxsaylı missionerlər gəlir və təbliğat aparırdılar. Amma xalqımızın öz adət-ənənələrinə sadiqliyi nəticəsində onların radikal dini qruplar yaratmaq cəhdləri baş tutmadı. Komitə sədri bütün islam dünyasının radikal cərəyanlara qarşı mübarizə aparmasının zəruriliyini vurğulayaraq diqqətə çatdırıb ki, bununla bağlı beynəlxalq miqyasda aparılan müzakirələrə baxmayaraq, hələ heç bir nəticə əldə olunmayıb. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının, eyni zamanda, özündə islam dəyərlərini də ehtiva etdiyini bildirən Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda dini qurumlar və dindarlar da inkişafa öz töhfələrini verirlər. Bildirilib ki, radikal qruplaşmalar Qurani-Kərimdən olan ayələri yanlış yozaraq, özlərinə uyğun şəkildə təqdim etməyə çalışırlar. Dini qurumlarla işin təşkilatçıları bunun qarşısını öz bilikləri ilə ala bilərlər.

Mübariz Qurbanlı bu gün Azərbaycanda 2 min 166 məscidin olduğunu, onlardan 1500-nün gündəlik fəaliyyət göstərdiyini deyərək, hazırda hər bir bölgə üzrə dini xəritələr üzərində iş aparıldığını diqqətə çatdırıb. Bu xəritələrə regionlardakı dini ibadət yerlərinin sayı, regionda əhalinin hansı məzhəblərə xidmət etməsi və digər məlumatlar əksini tapacaq.

“Milli mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ölkədə multikultural mühitin formalaşması bir tərəfdən təbliğatla bağlıdırsa, digər tərəfdən rayonlarda, mərkəzi yerli icra hakimiyyəti orqanlarında təşkilatı tədbirlər görülməsini tələb edir. Bu mühitin formalaşması ilə bağlı dövlətin proqramları, müvafiq qanunvericilik aktları və müvafiq siyasəti var.

Əli Həsənov qeyd edib ki, vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi ilə vətəndaşların yaratdıqları birliklərdir. Yəni hər bir vətəndaş özü kimi düşünən insanlarla birlikdə vətəndaş cəmiyyəti təsis edə bilər. Bu isə fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi daşıyır. Azərbaycanda bu cür təsisatların ən geniş yayılan forması qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin şuraya dövlət büdcəsindən təxminən 5 milyon manat vəsait ayrılıb. Bu ildən nazirliklər, komitələr, şirkətlər, eyni zamanda, mərkəzi yerli icra hakimiyyətinin digər strukturları üçün dövlət büdcəsindən ayrılan qrant fəaliyyətinin də tənzimlənməsini həmin şura həyata keçirir. Beləliklə, şura qrant fəaliyyətini koordinasiya edir.

Bu barədə söhbəti davam etdirən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda yayılan ən geniş vətəndaş cəmiyyətlərindən biri də həmkarlar ittifaqlarıdır. Bu qurum dövlətin sosial siyasət məsələləri üzrə tərəfdaşıdır. Həmkarlar İttifaqı insanların əmək hüquqlarının, o cümlədən işləyən bütün kateqoriyaların sosial hüquqlarının müdafiəsinin həyata keçirilməsində vahid standartlar müəyyən edir. Kütləvi informasiya vasitələri də vətəndaş cəmiyyətləri institutu təsisatlarına daxildir və hər bir vətəndaş istənilən informasiya vasitələri təsis edə bilir.

“Bundan əlavə, bəzən siyasi partiyaları da vətəndaş cəmiyyətləri institutlarına daxil edirlər. Amma biz onları hakimiyyət institutu adlandırır, vətəndaş cəmiyyəti institutları təfsilatına daxil etmirik. Buna görə də onlara QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant verilmir. Sadəcə olaraq, parlamentdə təmsilçilik normalarına görə, dövlət büdcəsindən ayrılan vəsait onlar arasında bölünür”, – deyə Əli Həsənov vurğulayıb.

Məlumat verilib ki, hazırda Azərbaycanda üç minə yaxın QHT, 50-dək siyasi partiya fəaliyyət göstərir. Təxminən 200 qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti mövcuddur. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 75 faizini təşkil edir. Odur ki, milli mənəvi, multikultural dəyərlərin təbliğində ən önəmli rol kütləvi informasiya vasitələrinə məxsusdur.

Milli mənəvi dəyərlərdən danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Milli mənəvi dəyər dedikdə, fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının və ya əksəriyyətin qəbul etdiyi ictimai ideyalar, prinsiplər, normalar, baxışlar, etalon və standartlar, adət və ənənələr sistemi nəzərdə tutulur. Bu normalar birdən-birə yaranmayıb, bunlar tarix boyu formalaşmış dəyərlərdir. Bizim hamımız vahid vətəndaşlıq normaları əsasında fəaliyyət göstəririk. Bunun təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli mənəvi dəyərlərin əsasında duran başlıca prinsip azərbaycançılıq ideologiyasıdır. Bura bütün Azərbaycan xalqının qəbul etdiyi normalar, mənəviyyat, adət və ənənələr daxildir”.

Azərbaycanda əhalinin böyük əksəriyyətinin İslam dininə mənsub olduğunu bildirən Prezidentin köməkçisi vurğulayıb ki, ölkəmizdə həmçinin digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar. Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir.

Milli mənəvi dəyərlərimizin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir. Bu barədə danışan Əli Həsənov deyib: “Bu, Vətənin qayğıları və onun üstünlükləri qarşısında bərabərlik deməkdir. Biz neft gəlirlərini rayonlara paylayanda demirik ki, bu rayonda talışlar, yaxud digərlərində ləzgilər, tatlar, türklər yaşayırlar. Prezident İlham Əliyevin bölgələrə səfərlərinə nəzər yetirək. Dövlətimizin başçısının ən çox səfər etdiyi rayonlar elə milli azlıqların və fərqli din mənsublarının məskunlaşdıqları ərazilərdir. Biz ora heç vaxt başqa xalqların yaşadıqları yer kimi deyil, Azərbaycan, Vətən kimi baxırıq. Onlar bizim xalqımızdır və o ərazilər də bizim Vətənimizdir”.

Dinin cəmiyyətdə rolundan söhbət açan Əli Həsənov diqqətə çatdırıb ki, din cəmiyyətin strukturunda mühüm yer tutan ictimai institutdur. Din müxtəlif ideyaları ifadə edən və ictimai münasibətləri tənzimləyən ictimai şüur formasıdır, insanın cəmiyyətdə davranışını tənzimləyən norma və təlimatlar sistemidir. İslam dininə mənsub şəxslə digər hər hansı başqa bir dinə sitayiş edən insanın davranışlarında, dünya görüşündə müəyyən fərqlər olur. Bu anlamda Azərbaycan cəmiyyətinin həyatında da dinin rolu danılmazdır.

Azərbaycanda dövlət-din münasibətləri modelinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Əli Həsənov deyib: “Bu münasibətlərin təməlində azərbaycançılıq ideyası dayanır. Biz Qurandan irəli gələn adət-ənənələrin hamısını qəbul edirik. Bəlkə tarixdə ilk nümunə idi ki, Heydər məscidində şiələrlə sünnilər birlikdə namaz qıldılar. İlk nümunədir ki, Heydər məscidində bir həftə sünni, bir həftə isə şiə imamı xütbə verir. Bu gün bizə radikal şiəliyi və digər dini cərəyanları təlqin edənlərə qarşı da biz öz mövqeyimizi nümayiş etdiririk. Azərbaycan konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu o deməkdir ki, dövlət dini ayinlərə, onların daxili normalarına müdaxilə etmir. Dini ayinin yeri məscidlərdir, onların ərazisidir. Dövlət hakimiyyətinin yeri isə bütün dövlətin ərazisidir. Əsas bir prinsip var: Dövlət dinin işinə qarışmır, din isə dövlətin dünyəvi normalarına müdaxilə etmir”.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev seminar-müşavirədə “Azərbaycanda dövlət-din münasibətlərinin qanunvericilik bazası” mövzusunda məruzə ilə çıxış edib.

Dövlət-din münasibətlərinin kifayət qədər mürəkkəb məfhum olduğunu vurğulayan Şahin Əliyev deyib: “Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, din dövlət ilə müqayisədə tam muxtar bir sistemdir. Dinin öz qanunları və mühakimə sistemi var. Məsələn, dövlət öz qanunlarının icrasını təmin etmək məqsədilə hüquq-mühafizə orqanları və digər güc strukturları yaradır. Dini ayinlərin tətbiqinə gəlincə, bunun üçün heç bir struktura ehtiyac yoxdur. Hər bir dindar bu ayinlərə əməl edilməsini özünə borc bilir. Ona görə də dindən öz məqsədləri üçün istifadə etmək istəyən hər bir dövlət süquta uğrayır. Yəni, dövlət strukturları din strukturları ilə əvəz edilir”.

Şöbə müdiri qeyd edib ki, hələ 1918-ci ildə demokratik respublika təsis edilərkən Azərbaycan dünyəvi dövlət elan olunmuşdu. Bu xətt ulu öndər Heydər Əliyev tərəfindən davam etdirilib və hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, sırf dünyəvilik prinsipi əsasında qurulub. Azərbaycan əhalisinin təxminən 70 faizi şiə, 30 faizi sünnidir. Tarixən ölkəmizdə bu məzhəblər arasında heç vaxt münaqişə və ya anlaşılmazlıq olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi qüvvələr şiə-sünni faktorunu qabartmağa çalışsalar da, bu cəhdlər boşa çıxıb.

Şahin Əliyev qeyd edib ki, vaxtilə bir fransız sosioloqu öz elmi məqaləsində “İslamın Azərbaycan brendi” ifadəsini işlətmişdi. O, Azərbaycan məscidlərində sünni və şiələrin bir yerdə namaz qıldığını görəndə çox təəccüblənmişdi. Doğrudan da, dünyanın heç bir ölkəsində İslamın iki qolu arasında bu cür münasibətləri görmək mümkün deyil.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, “Dini etiqad azadlığı haqqında” Qanun din məsələlərinə sırf dünyəvilik nöqteyi- nəzərindən yanaşır. Qanun kifayət qədər həcmli olsa da, onun praktikada işləyən cəmi bir neçə məqamı var. Birinci məqam dinə aid materialların yayılmasıdır. Bütün dini ədəbiyyat, audio və videoyazılar mütləq nəzarət markası ilə markalanmalıdır. Əks halda, onların yayılmasına icazə verilmir və buna görə məsuliyyət müəyyən edilib. Bu, ondan irəli gəlir ki, Azərbaycan Konstitusiyası dini və etnik münaqişə, insan ləyaqətini alçaldan dini cərəyanların ölkə ərazisində yayılmasını qadağan edir.

Digər bir məqam isə ondan ibarətdir ki, Qafqaz Müsəlmanları İdarəsi məscidlərə axundların təyin olunmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Nəhayət, sonuncu məqam xaricdə dini təhsil almış din xadimləri tərəfindən dini mərasimlərin yerinə yetirilməsinə qoyulan qadağadır. Bu tələblərə riayət olunmasına nəzarət etmək kifayət qədər çətindir. Lakin istənilən halda bu tələbin yerinə yetirilməsinə çalışmaq lazımdır. Ümumiyyətlə, din xadimləri və dindarlarla iş aparmaq üçün Qurani-Kərimi mükəmməl bilmək tələb olunur.

Şahin Əliyev bildirib ki, yerli icra hakimiyyəti orqanları insanlarla münasibətdə kifayət qədər ədalətli olmalıdırlar. Çalışmalıdırlar ki, bu məsələdə onları anlasınlar, insanlar yerli icra hakimiyyəti orqanlarından narazı qalmasınlar. Hazırda əsas problemlərdən biri din xadimlərinin savad məsələsidir. Gələcəkdə bu məsələyə dair bir proqram haqqında düşünmək olar.

“İslam tarixən çox tolerant dindir və hazırda cərəyan edən radikalizm heç vaxt bu dinə xas olmayıb. Bizi istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycanda dini və mədəni tolerantlıq ənənəsi pozulmayıb. Ümid edirəm ki, bu ənənə pozulmayacaq”, – deyə şöbə müdiri bildirib.

Seminar-müşavirənin növbəti günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” mövzusunda çıxışı ilə başlayıb.

Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bunun böyük əhəmiyyəti var. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük önəm kəsb edir. “Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri bəyan edib. Bu multikultural dəyərlər hansılardır? Mərhəmət hissi, başqasının halına acıma hissi, başqasını özündən seçməmək hissi. Bu, bizim xalqımıza xas dəyərlərdir”, – deyə K.Abdullayev vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir. Yəni, çoxmədəniyyətli bir cəmiyyətdə bu, çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşamaları deməkdir. Bu, Azərbaycan üçün həyat tərzidir. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir.

Azərbaycanın böyük mənəvi təcrübəyə malik olduğunu qeyd edən Kamal Abdullayev diqqətə çatdırıb ki, dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı kifayət qədər nümunələr göstərmək mümkündür. Tarix boyu Azərbaycanın mənəvi həyatında mövcud tolerantlıq nümunələrindən xeyli danışmaq olar. Bunlar təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə hələ keçmiş zamanlardan xas olmasına bir sübutdur.

Bu yaxınlarda çapdan çıxan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı barədə danışan Dövlət müşaviri deyib: “Prezident İlham Əliyev hər zaman qeyd edir ki, multikulturalizm Azərbaycan cəmiyyətinə, xalqına tarixən xas olan bir dəyərdir. Biz bu ruhla, ideyalarla zaman-zaman böyüyüb formalaşmışıq. Bunun əyani sübutunu klassiklərimizin əsərlərində görürük”.

Kamal Abdullayev bildirib ki, Azərbaycan multikulturalizminin daha bir əsas şaxəsi isə onun hüquqi və siyasi qaynaqlarından ibarətdir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərdə də multikultural dəyərlərə loyal münasibət hökm sürüb. Bu dəyərləri sistemləşdirib, siyasi və hüquqi bir bazanın yaradılması isə XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevə nəsib oldu. Azərbaycanın müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev dəqiq ideoloji hədəf seçdi. Əsrlər boyu Azərbaycanda formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Ölkə konstitusiyasında müxtəlif bəndlərdə, Ulu Öndər tərəfindən bununla bağlı imzalanmış sərəncam və fərmanlarda multikulturalizm ideyaları siyasi baxımdan öz əksini tapıb.

Azərbaycan Prezidentinin ölkə ərazisindəki bütün konfessiyalara, dinlərə bərabər münasibət göstərdiyini bildirən Dövlət müşaviri deyib: “Bu da onların bir-birlərinə münasibətdə loyal olmasına gətirib çıxaran amildir. Azərbaycanda dini və milli müxtəlifliyin qorunub saxlanılmasına dövlət xüsusi diqqət ayırır. Azərbaycan multikultural təhlükəsizliyin bu bəndini də yerinə yetirir”.

Kamal Abdullayev bir neçə gün əvvəl Azərbaycanda fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi haqqında da məlumat verib. Bildirib ki, məktəbin iştirakçıları ölkəmizin bir sıra regionlarında da olublar. Bu gün həm yerli, həm də bir sıra xarici universitetlərdə Azərbaycan multikulturalizmi adlı fənn tədris edilir. Bu fənn Azərbaycan xalqının tarixinə, mənəviyyatına, bugünkü ictimai-siyasi durumuna bir girişdir. “Biz bu fənni bəzi Avropa ölkələri universitetlərinə təklif edəndə, onlar bunu çox böyük maraqla qarşıladılar və öz universitetlərində tədrisinə razılıq verdilər. Hazırda bu fənn Avropanın 13 və Azərbaycanın 28 universitetində tədris edilir. Məqsədimiz

Azərbaycana olan bu marağı məhəbbətə çevirməkdir”, – deyə Dövlət müşaviri əlavə edib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda çıxış edib.

Fuad Ələsgərov tədbir iştirakçılarına müraciətlə deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə belə bir seminar-müşavirənin keçirilməsi dövlətin dini sahədə münasibətlərə və yerlərdə dini qurumlarla işin təşkilatçıları kimi sizin fəaliyyətinizə verdiyi önəmin göstəricisidir. Bu seminar açıq fikir mübadiləsinin aparılması üçün çox yaxşı bir platformadır və inanıram ki, sizinlə görüşümüz də səmimi və açıq müzakirə şəraitində keçəcək”.

Şöbə müdiri bildirib ki, bu gün müasir dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamofobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Hətta Avropa dövlətlərinin liderləri multikulturalizm ideyalarının iflasa uğradığını etiraf edirlər. Bu mənada müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə ola biləcək bir dövlətdir və təsadüfi deyil ki, 2016-cı il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib.

Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmədiyini təəssüf hissi ilə qeyd edən Prezident Administrasiyasının rəsmisi deyib: “Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”.

Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.

Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.

Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb. İlk növbədə, 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Bu maddəyə əsasən vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab olunur. Həmçinin belə qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak, bu hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə və bu cür məzmunlu materiallar yayma da cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Suriya və İraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

“Dini radikalizmlə mübarizə cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir”, – deyə Fuad Ələsgərov vurğulayıb.

Azərbaycanda radikal dini fəaliyyətin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə də toxunub. Qeyd edib ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün doğura biləcəyi riskləri bir daha açıq nümayiş etdirdi. Belə ki, Taleh Bağırov başda olmaqla bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, konstitusiya quruluşunu zorla dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlət qurmaq məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaratmış, Bakı şəhərindən və respublikanın bəzi bölgələrindən özlərinə tərəfdarlar toplamaqla onları müxtəlif növ odlu silah, döyüş sursatı və partlayıcı maddə ilə təchiz etmişdi. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində din pərdəsi altında fəaliyyət göstərən cinayətkar qruplaşma zərərsizləşdirilib, digər zəruri addımlar atılıb. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Fuad Ələsgərov deyib: “Nardaranda cinayət törətmiş radikal dini təriqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə dini təhsil alması bu hadisələrin arxasında xarici faktorların dayanmasını ehtimal etmək üçün ciddi əsas verir. Yerli əhali bu insanları dəstəkləməmiş və özləri dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək onları zərərsizləşdirməyi xahiş etmişdi. İstintaq zamanı bu şəxslərin xaricdən maliyyələşməsi ilə bağlı mühüm faktlar əldə edilib və hazırda həmin faktlar istintaq orqanı tərəfindən araşdırılır”.

Şöbə müdiri seminar-müşavirə iştirakçılarına 2015-ci ildə qəbul olunmuş “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni Qanun, “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, dini radikalizmlə mübarizə sistemli və kompleks şəkildə aparılmalıdır. Bu məqsədlə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, dini sahədə savadlı, dövlətçiliyə sadiq ruhanilər yetişdirilməlidir. Eyni zamanda, mətbuatda, xüsusilə sosial mediada təbliğat işinə böyük önəm verilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Bu mənada icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçıları vəzifəsinin yaradılması mühüm institusional tədbirdir. Dini qurumlarla işin təşkilatçılarının üzərinə yerlərdə radikal dini meyillərin vaxtında aşkar edilməsi, dini radikalizmə qarşı mübarizədə icra hakimiyyəti orqanları ilə hüquq mühafizə orqanları arasında fəaliyyətin əlaqələndirilməsi və radikal dini təbliğata qarşı əks-təbliğat işinin təşkili kimi mühüm vəzifələr düşür. Bu fəaliyyət düzgün qurularsa, dini radikalizmə meyilliklə bağlı bir çox problemlər hüquq mühafizə orqanlarının müdaxiləsi olmadan, qabaqlayıcı tədbirlər görülməklə həll edilə bilər.

Hüquq mühafizə orqanları əsas etibarilə radikal dini fəaliyyətin nəticələri ilə mübarizə aparır. Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti isə dini radikalizmin səbəblərinin araşdırılması və aradan qaldırılmasına yönəlməlidir. Xüsusilə radikal dini təriqətlərə meyilli olan bölgələrdə gənclərin təhsilə marağının artırılması, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi ilə peşə və təhsil kurslarının təşkili, məşğulluğun təmin olunması üçün təşəbbüs göstərmək çox vacibdir.

“Dövlət-din məsələlərinə milli təhlükəsizlik kontekstindən baxış” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi İsmayıl Bağırov Xidmətin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini dini radikalizmə qarşı mübarizənin ən səmərəli üsulu kimi dəyərləndirib. Nardaran hadisələrinə toxunan İ.Bağırov bildirib ki, bəzi qüvvələr din pərdəsi altında öz siyasi və digər məqsədlərini həyata keçirməyə çalışırdılar. Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin sakinlərə heç bir aidiyyəti olmayıb. Hazırda Nardaranda həyat normal axarı ilə davam edir.

Bu gün İŞİD terror qruplaşmasının bütün dünya üçün ciddi problemlər yaratdığını qeyd edən idarə rəisi Azərbaycanda bu kimi ekstremist təşkilatların ciddi sosial dayağının olmadığını vurğulayıb. Bildirilib ki, mütəmadi olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İŞİD və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

İsmayıl Bağırov dövlətimizin başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını hazırkı ictimai-siyasi şəraitdə, eləcə də dünyada baş verən etnik və dini zəmində qarşıdurmalar fonunda çox uğurlu addım kimi dəyərləndirib.

Daha sonra seminar-müşavirədə akademik Vasim Məmmədəliyevin “Azərbaycanda İslam: tarixçilik və müasirlik” adlı çıxışı dinlənilib. İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə iştirakçılara ətraflı məlumat verən V.Məmmədəliyev bildirib ki, dini dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm tərkib hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Dinlə elmin vəhdətinin vacibliyinə toxunan akademik İslamda elmə yüksək dəyər verildiyini diqqətə çatdıraraq qeyd edib ki, İslamın tanınmış nümayəndələri cərgəsində Azərbaycan alimləri və dinşünasları da dünya elminə böyük töhfələr veriblər.

Sonda seminar-müşavirə iştirakçılarına sertifikatlar təqdim olunub.