Hüquq Olimpiadasına yekun vuruldu
Dek 28 , 2015 – 11:02
DİA Hüquq Klubunun, DİA TGT-in və İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO mərkəzinin təşkilatçılığı ilə keçirilən 10 dekabr “İnsan Hüquqları Günü”nə həsr olunan “Hüquq Olimpiadası”nın yekun tədbiri baş tutmuşdur. Tədbir akt zalında keçirilmiş, akademiyanın bütün kurs üzrə hüquq tələbələri, müəllim heyəti və tələbələr iştirak etmişdir. Tədbirin klubun sədri Allahyar Məmmədli açaraq DİA Hüquq Klubunun fəaliyyət tarixçəsindən, keçmiş sədrlərindən söz açmış, daha sonra cari il üçün klubun həyata keçirdiyi tədbirləri tam təfsilatlı şəkildə bildirmişdir.
Daha sonra çıxış üçün söz öncə “Dövlət quruculuğu və hüquq” kafedrasının rəhbəri Fəxrəddin Nağıyevə, daha sonra isə “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının rəhbəri Oruc Məmmədova verilmişdir. Onlar da olimpiada timsalında bu tip bilik yarışlarının tələbələr üçün xeyli əhəmiyyətli olduğunu, gələcək fəaliyyətlərində mühüm töhfələr verəcəyini qeyd etmişlər. Daha sonra tədbirin əsas hissəsinə keçid baş tutmuş, klubun idarə heyətinin üzvü, 4-cü kurs hüquq tələbəsi İlkin Eldarov tərəfindən hüquq olimpiadasının mahiyyəti, sualların tərtibatı prosesi, bu prosesdə iştirak edən və məsləhətləri ilə kömək edən tələbə-müəllim kollektivi, bu hüquq olimpiadasının digər olimpiadalardan fərqləndirici xüsusiyyətləri, bərabərliyi təmin etmək və aşağı kurs tələbələrini stimullaşdırmaq üçün atılmış addımlar haqqında dolğun informasiya çatdırılmışdır. Sonda mükafatlandırma baş tutmuş və qalibin, həmçinin hər kurs üzrə seçilmiş tələbələrin adına aydınlıq gətirilmişdir. Onları və ikinci mərhələdə yığdıqları balları sizlərin diqqətinə çatdırırıq :
Qalib – Elnur Kərimov ( 4cü kurs), I kurs üzrə seçilmiş tələbə : Xəyalə Əfəndiyeva, II kurs üzrə seçilmiş tələbə Zəhra Nəzərova, III kurs üzrə seçilmiş tələbə Esmira Tağıyeva
Qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılmış, digər iştirakçılara isə sertifikat təqdim edilmişdir.
İştirak edən və qalib olan hər bir hüquq tələbəsini ürəkdən təbrik edir, onlara gələcək hüquq fəaliyyətlərində uğurlar arzu edirik.