loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün “Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda təlim-seminar keçirilib
Dek 17 , 2015 – 02:46

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin Böyük Millət Məclisi, Ədliyyə, Maliyyə, Daxili İşlər, Müdafiə Nazirlikləri, Milli Təhlükəsizlik Qurumu, Ankara Böyük Şəhər Bələdiyyəsi və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçuları ücün “Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda təlim-seminar keçirilib.

2015-ci ilin sentyabrında Nyu-Yorkda baş tutan BMT Baş Assambleyasının 70-ci Yubiley sessiyası və BMT-nin təşəbbüsü ilə keçirilən Dünya sammitində davamlı inkişaf, onun müxtəlif aspektləri XXI əsrdə qlobal inkişafın başlıca prioriteti kimi müəyyənləşdirilib. Eyni zamanda sözügedən sammitdə qəbul edilmiş 2015-2030-cu illər üçün qlobal inkişaf məqsədləri də “Davamlı inkişaf məqsədləri” başlığı ilə yayılıb. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən uğurla gerçəkləşdirilən, elmə əsaslanan innovativ dövlət idarəçiliyi strategiyası nəticəsində davamlı inkişafı bəşəriyyət üçün başlıca prioritet kimi müəyyənləşdirən BMT Baş Assambleyası və 2015-ci il Dünya Sammitindən çox əvvəl Azərbaycan Respublikası bu sahədə uzun illər önləyici siyasət həyata keçirib və əhəmiyyətli uğurlar qazanıb. Dünya Bankı, BMT, digər beynəlxalq qurumların rəsmi məlumatlarına görə, Azərbaycan Respublikasının davamlı inkişaf göstəriciləri artıq bu gün “böyük yeddilik” (G7) və “böyük iyirmilik” (G20) qruplarına daxil olan bir sıra dövlətlərin göstəricilərindən yüksəkdir. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, bu istiqamətdə Azərbaycanın təcrübəsi olduqca pozitiv və diqqətəlayiqdir.

Azərbaycanın özünəməxsus inkişaf modeli, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə getdikcə artan marağın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində noyabr ayında Ankarada da “Davamlı İnkişafın hədəfləri. XXI əsr – İdarəetmə Texnologiyaları: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunda təşkil edilən konfransda tanınmış elm adamları, hökumət və yerli idarəetmə orqanlarının nümayəndələri, diplomatik missiya təmsilçiləri, müxtəlif ölkələrdən gənc tədqiqatçılar iştirak ediblər. Qeyd olunan tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun ölkəmizin inkişafı ilə bağlı nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda Dövlət İdarəçilik Akademiyasında Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün keçirilən təlim-seminarda Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə verdiyi töhfə, regionun iqtisadi güc mərkəzi olmaqla yanaşı eyni zamanda elm, bilik mərkəzi kimi formalaşması baxımıından əhəmiyyətli mübadilə platformasıdır.