loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyə idarəçiliyinin aktual problemləri” və “Dövlət qulluğu sistemi və təcrübə” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir
Dek 08 , 2015 – 03:15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyə idarəçiliyinin aktual problemləri” və “Dövlət qulluğu sistemi və təcrübə” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Dövlət qulluğu sistemi və təcrübə” adlı kursda Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun (TODAİE) tanınmış alimləri və Türkiyə Respublikasının müvafiq nazirliklərinin nümayəndələri mühazirəçi qismində iştirak etmişlər. Bu kursun əsas məqsədi dövlət quluğluğu sistemi-dünya təcrübəsi, sosial təminat və ümumi müqavilə hüquqları, dövlət qulluqçusunun peşə fəaliyyətinin mənəvi-əxlaqi əsasları, dövlət qulluğunda protokol qaydalarının rolu və xüsusiyyətləri, işə qəbul və vəzifədə yüksəlmə təcrübələri, dövlət qulluğunda iş vaxtının idarə edilməsi, nəzarət sistemi və məmurların intizam məsuliyyəti, Dövlət sektorunda insan resurslarının idarə edilməsi, dövlət qulluqçusunun statusu və sosial müdafiəsi: reallıqlar və perspektivlər, dövlət qulluğunda insan inkişafı amili və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Türkiyə və Orta Şərq Dövlət İdarəçiyi İnstitutunun (TODAİE) rektoru prof. Onur Ender Aslan, Türkiyə Respublikasının müxtəlif mərkəzi icra hakimiyəti orqanlarını, ali təhsil müəssisələrini təmsil edən alim və mütəxəsislərdən Dr. Yavuz Selim Akkoç, dr. Süha Oğuz Albayrak, Şinasi Yurdakul, Doç.dr. Hasan Engin Şener və başqaları, Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət İdarəçilik Akademiyasının I prorektoru Əlikram Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Təlim sektorunun müdiri, dosent Nazənin Hüseynova, Dövlət İdarəçilik Akademiyasının müəllimi Anar Həsənov müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Eyni zamanda qeyd olunan kursla yanaşı “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi yerli özünüidarəetmənin qanunvericilik bazası və onun təkmilləşdirilməsi istiqamətləri, yerli özünüidarəetmənin təşkili aspektləri, Azərbaycanda yerli özünüidarəetmə inkişafının prioritet istiqamətləri, bələdiyyə təsərrüfatının təşkili və idarəolunması, yerli idarəetmənin davamlı inkişafı və ekoloji sivilizasiyada əhəmiyyəti, bələdiyyələrin hüquqlarının müdafiəsi istiqamətində assosiasiyaların rolu, bələdiyyələrin inkişaf strategiyasının hazırlanması və reallaşdırılmasında sosial tərəfdaşlıq sisteminin rolu və əhəmiyyəti və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Qeyd olunan kursda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət idarəsinin baş məsləhətçisi Qadir Xəlilov və b. müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar təqdim edilmişdir.