Ankarada davamlı inkişafın Azərbaycan modelindən bəhs edilib
Noy 26 , 2015 – 02:13
Ankarada “Davamlı İnkişafın hədəfləri. XXI əsr – İdarəetmə Texnologiyaları: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunda (TODAİE) təşkil edilən konfransda tanınmış elm adamları, hökumət və yerli idarəetmə orqanlarının nümayəndələri, diplomatik missiya təmsilçiləri, müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun ölkəmizin inkişafı ilə bağlı nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Çıxış zamanı Azərbaycanın davamlı inkişafını əks etdirən nailiyyətlər, müxtəlif sahələr üzrə göstəriciləri monitorda nümayiş olunub.
Urxan Ələkbərov qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin cari ilin sentyabr ayında keçirilən sessiyası və digər mühüm beynəlxalq sammitlər bu mövzuya həsr edilib, 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycanın həmin tədbirlərdən əvvəl davamlı inkişafı öz siyasətində prioritet istiqamət kimi qəbul etməsi ölkəmizin əldə etdiyi nəticələrin böyük maraqla qarşılanmasına səbəb olub.
Azərbaycanlı alim diqqətə çatdırıb ki, mühüm iqtisadi nailiyyətlər Ermənistan ilə münaqişə və torpaqlarımızın 20 faizinin işğal altında olması fonunda qazanılıb.
Tədbir iştirakçıları Azərbaycanın davamlı inkişaf modeli ilə bağlı məlumatları böyük maraqla qarsalayıblar.
Daha sonra məruzəçi konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Konfransda Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Rəcəb Rəhimli və digər şəxslər iştirak ediblər.