loader image

Dia.edu.az

Dövlət qulluqçularının peşə bayramına həsr edilən elmi-praktiki konfrans keçirilib
İyn 22 , 2015 – 04:02

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının peşə bayramına həsr olunan “Dövlət qulluğunda meritokratiya, etika və innovasiyalar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. Ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xalqımızın və dövlətimizin gələcəyini məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər gənclərin yetişdirilməsində görən Ulu Öndər onları təhsil almaq üçün xarici ölkələrin nüfuzlu universitetlərinə göndərib. Hazırda bu uzaqgörən siyasəti davam etdirən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşır.

U.Ələkbərov dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticələrindən, “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, yerləşdirilməsini, dövlət qulluqçularının ixtisas hazırlığının artırılmasını, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Dövlət Qulluğu Günü ilə bağlı tədbirlərin 10 ildir ki, davamlı olaraq keçirildiyini xatırladan B. Xəlilov ölkəmizdə dövlət qulluğu sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlardan, tətbiq edilən yeniliklərdən söhbət açıb.

Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının ixtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova bildirib ki, peşəkar dövlət qulluqçularının hazırlanması və onun elmi-metodiki təminatı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Ölkədə sosial-iqtisadi, sosial-mədəni, siyasi şəraitdə ən mürəkkəb və ziddiyyətli məsələləri həll etməyə qadir olan yeni nəsil mütəxəssislərə böyük ehtiyac var. Dövlət İdarəçilik Akademiyasında və onun tərkibinə daxil olan Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda dövlət qulluqçularının təhsilinin təkmilləşdirilməsi uğurla həyata keçirilir.