loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyn 10 , 2015 – 05:06

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbir DİA və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində dahi rəhbər, ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb.

Rektor Milli Qurtuluş Gününün geniş qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan akademik U.Ələkbərov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.

Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib, son illərdə respublikamızda qazanılan böyük nailiyyətlərdən söz açıb. Akademik U.Ələkbərov “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətini vurğulayıb.

Professor Elman Nəsirov ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb.

Dahi rəhbər Heydər Əliyev siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktının imzalandığını bildirən E.Nəsirov neft müqaviləsinin müasir müstəqil Azərbaycanın tərəqqisində mühüm rolunu diqqətə çatdırıb.

Dosent Roza Əliyeva və başqaları ümummilli lider Heydər Əliyevin misilsiz xilaskarlıq rolundan danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın bugünkü sürətli inkişafının əsaslarını qüdrətli şəxsiyyət Heydər Əliyev qoyub.

Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Millət atası” filmi nümayiş etdirilib.