Dövlət İdarəçilik Akademiyasında 2015-ci il məzunlarının buraxılışı olub
İyn 02 , 2015 – 07:41
İyun ayının 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2015-ci il məzunlarının buraxılışı olub. Tədbiri Dövlət İdarəçilik Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət İdarəçilik Akademiyasının son illər həyata keçirdiyi fəaliyyət barədə məlumat verib, məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, bu il Dövlət İdarəçilik Akademiyasından 188 bakalavr, 85 magistr pilləsini başa vuran gənclər məzun olub. Bakalavr pilləsindən məzun olan gənclərdən 14 nəfəri dörd il müddətində Prezident təqaüdünü alan gənclərdir. Vurğulanıb ki, bu gün Dövlət İdarəçilik Akademiyası özünün nüfuzunu artırmaqdadır və bu işin həyata keçməsində məzunların xüsusi rolu var.
Rektor, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafı sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha xatırlamış, Ulu Öndərin dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, bu irsin tələbə və magistrlara öyrədilməsi istiqamətində Dövlət idarəçilik Akademiyasının fəaliyyətindən söz açmışdır. Ümummilli Liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor dövlət başçısının təhsillə bağlı imzaladığı bir çox sənədin əhəmiyyətini diqqətə çatdırmışdır. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, təhsil sahəsində qazanılan uğurlardan bəhs edərək, ümid etdiyini bildirmişdir ki, DİA-nın ənənələrinə sadiq qalan məzunları öz bilik və bacarıqları ilə idarəçilik sahəsinə öz töhfələrini verəcək, uğurları ilə bizi daim sevindirəcəklər.
Tədbirdə Millət vəkilləri, professor Musa Qasımlı, professor Hadı Rəcəbli, Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, Siyasi İdarəetmə fakültəsinin dekanı, dosent Zaur Bağırov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Oqtay Əliyev və başqaları çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yerlərdən birini tutduğunu vurğulamışlar. Magistratura pilləsi üzrə məzun Ülkər Vahidli, Siyasi-idarəetmə fakültəsi üzrə məzun Təbriz Raufoğlu, valideynlər adından çıxış edən Etibar İsgəndərov mükəmməl təhsilə görə Dövlət İdarəçilik Akademiyasında rəhbərliyinə, müəllimlərə təşəkkürlərini bildirib, dövlətə, xalqa, ulu öndərin ideallarına daim sədaqətlə xidmət edəcəklərinə inamlarını ifadə etmişlər.