Anadolu Universitetində görüş
May 27 , 2015 – 04:25
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Elmi-təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli Anadolu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünün anım mərasimində iştirak ediblər. Anadolu Universitetinin “Heydər Əliyev Araşdırma Mərkəzi”ndə anım mərasimi keçirilib.
Anadolu Universitetinin rektoru prof. Naci Gündoğan tədbirdə çıxışı zamanı Heydər Əliyevin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının görkəmli liderlərindən biri olduğunu vurğulayıb. O, Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin təhsil müəssisələri arasındakı əlaqələr vasitəsilə daha da möhkəmləndirildiyini, bu baxımdan Dövlət İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasındakı əlaqələrin təqdirəlayiq olduğunu qeyd edib. Qonaqlara mərkəz haqqında məlumat verən rektor “Heydər Əliyev Araşdırma Mərkəzi”nin Heydər Əliyevin xatirəsinin Andolu Universitetində yaşadılması məqsədilə 3 il əvvəl açıldığını bildirib.
Anım mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akad. Urxan Ələkbərov Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi uğurlarının əldə edilməsi istiqamətində zamanında verdiyi qərarlardan, həyata keçirdiyi strategiyanın əhəmiyyətini qeyd etmiş, ölkəmizin müasir inkişaf tarixinin Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurları qeyd etmişdir.
Rektor “Davamlı inkişaf və ekoloji sivilizasiya naminə səmərəli idarəetmə: Azərbaycan nümunəsi” adlı məruzə ilə çıxış edib. Ekoloji sivilizasiya konsepsiyasının dünyada ilk yaradıcısı olan akademik Urxan Ələkbərov bildirib ki, görüş iştirakçılarına təqdim olunan məlumatlar beynəlxalq təşkilatların rəsmi hesabatlardan götürülüb və Azərbaycanın inkişafını özündə əks etdirir. Məruzəçi davamlı inkişaf və ekoloji sivilizasiyanın humanitar təhdidlərin qarşısının alınması üçün yeganə vasitə olduğunu diqqətə çatdırıb. Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışan Urxan Ələkbərov davamlı inkişaf və ekoloji sivilizasiyanın tərkib hissələri olan iqtisadi, ekoloji və sosial aspektlər haqqında məlumat verib. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradıldığını diqqətə çatdıran akademik hər enerji vahidinə düşən ÜDM istehsalı göstəricisinə əsasən, Azərbaycanı Türkmənistan, Rusiya, Qazaxıstan, Qatar, Venesuela, Küveyt, BƏƏ və Norveçlə müqayisə edərək 2003-cü ildə Azərbaycanın bu ölkələr arasında sondan 3-cü, 2014-cü ildə isə 1-ci olduğunu qeyd edib. Məruzəçi enerji resurslarının səmərəli istifadəsinin və qorunub saxlanmasının davamlı inkişafla birbaşa əlaqəsini nəzərə çatdıraraq bunun 2 səbəbini açıqlayıb. Bir tərəfdən bu resurslar gələcək üçün qorunur, digər tərəfdən ətraf mühit mühafizə olunur. Natiq məlumat verib ki, Azərbaycan 2014-cü ildə Cini əmsalına görə “Böyük İyirmilik” ölkələrinin əksəriyyətini üstələmiş, yalnız Kanada, Almaniya kimi ölkələrdən geri qalmışdır. Çıxışının sonunda Urxan Ələkbərov qeyd etdi ki, bu uğurların səbəbi yalnız səmərəli idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyasıdır. Bu fəaliyyətin əsasında təhsil və biliyin durduğunu vurğulayan natiq Azərbaycanda davamlı inkişafın tədrisi və dərsliklərin hazırlanması ilə bağlı məlumatları da iştirakçıların diqqətinə çatdırdı. Bu gün insan kapitalının formalaşdırılması, intellektual səviyyəli kadrların yetişdirilməsi mühüm məsələdir. Müasir standartlara cavab verən məktəb binalarının tikilməsi, onların müasir avadanlıqlarla təmin edilməsi, internetə çıxış bu günün reallığıdır. Bütün bunlar Azərbaycanda insan amilinə göstərilən böyük qayğının nəticəsidir.