loader image

Dia.edu.az

Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Regionların inkişafı: innovativ iqtisadiyyatın formalaşması və perspektiv imkanlar” mövzusunda respublika elmi-praktik konfrans keçirilib
Apr 27 , 2015 – 04:13

Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Regionların inkişafı: innovativ iqtisadiyyatın formalaşması və perspektiv imkanlar” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.

Konfrans regional innovativ proseslərə, innovativ iqtisadiyyatın formalaşması məsələlərinə, perspektiv imkanların öyrənilməsinə həsr olunub.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Akademik bildirib ki, bu gün innovativ iqtisadiyyatın formalaşdırılması, regionların inkişafı mühüm məsələlərdəndir. Ona görə də Azərbaycan Respublikasında regionların inkişafının təmin olunması istiqamətində mühüm işlər görülür. Azərbaycanda inkişaf sürətlə gedir və bu inkişafın hərtərəfli olması, ilk növbədə, regionların inkişafı ilə əlaqədardır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Regionların inkişaf strategiyası keyfiyyətli və davamlı inkişafın təminatıdır” mövzusunda məruzə ilə çıxış edib. Ziyad Səmədzadə bildirib ki, mövcud olan iqtisadiyyatın Azərbaycan modeli strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Heydər Əliyevin ciddi səyləri nəticəsində həyata keçirilən iqtisadi islahatlar bu gün öz bəhrəsini verməkdədir. Təməlini ulu öndər Heydər Əliyevin qoyduğu iqtisadi siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Bildirilib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətin iqtisadi təhlükəsizliyi məsələləri ilə bağlı fikirləri illər sonra da dərindən təhlil ediləcək və həmin fikirlər iqtisadiyyatın inkişafında tətbiq olunacaq. Hələ bundan sonra da gündən-günə mürəkkəbləşən dünyada ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nə qədər düzgün, sistemli olduğunun bir daha şahidi olacağıq.

Azərbaycan iqtisadiyyatının inkişaf dövrlərindən danışan Z.Səmədzadə qeyd edib ki, hazırda Azərbaycan MDB və Avropa məkanında iqtisadi inkişaf sürətinə görə qabaqcıldır: “Biz MDB məkanında adambaşına düşən ÜDM-in miqdarına görə ən qabaqcıl yerlərdən birini tuturuq. Bunların hamısı iqtisadi artımın sürətinə görə baş verir. Ölkənin iqtisadi inkişafının davamlı olmasını təmin etmək üçün həmişə bu göstərici nəzarətdə saxlanılmalıdır”.

Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişaf etdirilməsi üçün atılan addımlar Azərbaycan iqtisadi siyasətinin tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbulu ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün ən güclü vasitələrdən biridir. Azərbaycanın gələcək inkişaf potensialının regionlarda artırılması urbanizasiya proseslərinin təkmilləşdirilməsinə imkan yaradacaq”,-deyə Z.Səmədzadə əlavə edib.

“Azərbaycan regionlarının inkişafında innovativ aspektlər” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, iqtisadi elmlər doktoru Xatirə Hüseynova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə müəyyənləşdirilən idarəetmə strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra konfrans öz işini bölmələrlə davam etdirib.