loader image

Dia.edu.az

Qarabağ həqiqətləri haqqında növbəti qısamüddətli kurslar başa çatıb
Apr 23 , 2015 – 04:04

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətlı kurslara aprelin 23-də yekun vurulub.

DIA bildirilib ki, kursların budəfəki dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları olublar. Sonuncu mühazirəni “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana təcavüzü və saxta erməni soyqırımı” mövzusunda oxuyub. O, qeyd edib ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin ikili standartlar prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təş¬¬kilatların təcavüzkarla təcavüzə məruz qalanı eyni tutmasıdır.

Qondarma “erməni soyqırımı” haqqında iddialara gəldikdə isə Elçin Əhmədov qeyd edib ki, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antiazərbaycan və antitürk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. Əgər Avropa Parlamenti 100 il əvvəl iddia edilən hadisə haqqında belə ədalətsiz, xüsusi məqsəd daşıyan qərar qəbul edirsə, bəs nə üçün 23 il əvvəl – 1992-ci ilin fevral ayında Xocalıda Ermənistanın dövlət səviyyəsində bəşəriyyətə və insanlığa qarşı cinayət edərək törətdiyi soyqırımının üstündən sükutla keçir?

O bildirib ki, Avropa Parlamentinin belə qətnamə qəbul etməsi tarixi gerçəkliyi əks etdirmir və sırf siyasi məqsədlər güdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Ona görə ki, Avropa Parlamentinin belə bir məsuliyyəti – yüz il bundan əvvəl “erməni soyqırımı” deyilən və olmamış bir hadisəni öz üzərinə götürməsi, eyni zamanda, Avropa demokratiyasına olan inamı da sarsıdıb. Azərbaycan dövləti və xalqı belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Eurovision” mahnı müsabiqəsi zamanı da qarşılaşıb və indi də I Avropa Oyunları ərəfəsində həmin siyasəti açıq-aşkar müşahidə edirik. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Ona görə də güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.


Çanaqqala döyüşünü türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi kimi qiymətləndirən Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni, o tarixi gün, 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılıb. Bununla yanaşı, Çanaqqala döyüşü məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşın mübarizliyinin rəmzi kimi əbədiləşib. Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, eyni zamanda 3 minə yaxın azərbaycanlının da şəhid olduğu bildirilir. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışlarında dəfələrlə bildirib.

Aprelin 24-də Çanaqqalada türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyi qeyd ediləcək. Mərasimdə Azərbaycan Prezidenti də iştirak edəcək. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən xilas edilməsində həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyədə və ümumiyyətlə, türk dünyasında müstəqil dövlətçiliyin, vətənpərvərliyin daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaq. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir.

E.Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşdan çıxan ibrət dərslərinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət etməklə yanaşı, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə birgə inamın da təcəssümüdür. Ümumiyyətlə, bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycan dövlətinin başçısı İlham Əliyev bəyan edib ki, “Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz”.

Diqqətə çatdırılıb ki, görülən bu işlər, heç şübhəsiz, Azərbaycanın geosiyasi əhəmiyyətini, gücünü, təsir imkanlarını daha da artıracaq. Biz də hər zaman olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməliyik. Eyni zamanda, dövlət başçısının Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq.

Aprelin 1-dən başlayan kurslarda AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər), Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı” mövzularında proqram üzrə mühazirələr oxuyublar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.