loader image

Dia.edu.az

“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib
Apr 22 , 2015 – 11:39

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib.
Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda alim və mütəxəssislər, tələbələr iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək işğalçılıq, qəsbkarlıq siyasəti aparan ermənilərin torpaqlarımızda törətdikləri qanlı qırğınlardan danışıb.
Rektor bədnam düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırımına 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini vurğulayıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.
Ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran akademik U. Ələkbərov, eyni zamanda, bu gün Heydər Əliyev Fondu və digər qurumların Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rolundan bəhs edib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev konfransın məqsəd və məramından, əhəmiyyətindən bəhs edib. O, həmçinin Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli mənfur ermənilərin zaman-zaman törətdikləri dəhşətli faciələri əsaslı fakt və dəlillərlə diqqətə çatdırıblar.
Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayan natiqlər ölkəmizin dinamik şəkildə inkişaf etdiyini bildiriblər.
Milli Məclisin deputatı, professor Musa Qasımlı “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları” mövzusunda məruzə edib.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımları, erməni diasporunun məkrli fəaliyyəti barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il mayın 8-də təsis etdiyi və həmin vaxtdan etibarən keçirdiyi “Şuşa qrantı” müsabiqələri çərçivəsində yerinə yetirilmiş elmi-tədqiqat layihələri üzrə əldə edilən nəticələrə dair elmi məruzələr də dinlənilib.
Məruzələr Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında hazırkı vәziyyәtinin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edib.
Konfrans materialları kitab şəklində çap olunacaq.