loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında kibertəhlükəsizlik mövzusunda görüş keçirilmişdir
Apr 20 , 2015 – 11:35

17 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Nova Southeastern Universitetinin Graduate School of Computer and Information Sciences fakültəsinin professoru Ceyms Kennedinin tələbələrlə görüşü keçirilmişdir. Görüş kibertəhlükəsizlik məsələlərinə həsr edilmişdir.

Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov professor Ceyms Kennedini və Amerika Birləmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mədəni əlaqələr üzrə eksperti Fərqani Əliyevi təqdim edib, müasir dövrdə dünyada ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən birinin təhlükəsizlik, xüsusilə kibertəhlükəsizlik olduğunu bildirdi və görüşün gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Daha sonra söz professor Ceyms Kennediyə verildi. Professor Ceyms Kennedi Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdən məmnunluğunu ifadə edərək, kibertəhlükəsizliyin müasir dövrdə vacib məsələ olduğunu qeyd etdi. Eyni zamanda, informasiya təhlükəsizliyinin dövlətin siyasətində mühüm rolunu vurğulayan professor dövlətin informasiya təhlükəsizliyinin pozulması məsələsinə toxundu. Professor bildirdi ki, müasir dövrdə kiber müharibələr baş verir və bir sıra ölkələr aktiv kiber müharibə kompaniyalarına hazırlaşırlar. Natiq informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində kiberhücumların müəyyənləşdirilməsinin çətin olduğunu deyərək, bu problemin qarşısının alınmasında mövcud təcrübələrin paylaşılmasının əsas vasitələrdən biri olduğunu bildirdi. Professor kibertəhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq tədbirlər və qanunvericilik məsələsinə toxunarkən bu prosesin uzunmüddətli xarakter daşıdığını  qeyd etdi və bildirdi ki, ilk növbədə hər kəs, hər bir dövlət öz informasiya təhlükəsizliyini, kompyuter sistemlərinin müdafiəsini təmin etməlidir. Kredit kartlarından istifadə ilə əlaqədar məsələyə toxunan  professor Ceyms Kennedi ABŞ-da elektron ticarətin və kredit kartlarından istifadənin geniş yayıldığını, əhalinin isə bu imkanlardan istifadə edərkən problemlərlə qarşılaşdığını bildirdi. ABŞ-ın dünyada ən çox kiberhücumlara məruz qalan ölkə olduğunu deyən professor əslində, bunun heç də təəccüblü olmadığını və ABŞ-dakı kompyuter və informasiya sistemlərinin çoxluğundan irəli gəldiyini, informasiya sistemlərinin təhlükəsizliyinin təminatına və bu sistemlərə nəzarətə ayrılan vəsaitin hər il artırıldığını qeyd etdi. Natiq informasiya təhlükəsizliyini təmin etmək sahəsində əhalinin, xüsusilə yaşlı nəslin maarifləndirilməsinin hazırda mürəkkəb məsələ olduğunu, lakin gənclərin bu sahədə məlumatlı olmasının ümidverici olduğunu qeyd etdi.