Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib
Dek 22 , 2014 – 10:39
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak edirlər.
Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Təhsil Nazirliyinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirən akademik təhsildə aparılan islahatlarda mətbuatın rolunu xüsusi vurğulayıb. Rektor Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının əhəmiyyətini qeyd edib.
Təhsil Nazirliyinin informasiya şöbəsinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov “Press-relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, konfransın məqsədi media və təhsil dialoqu çərçivəsində müzakirələrin davam etdirilməsi, ölkənin müxtəlif media qurumları ilə iş təcrübəsinin daha da təkmilləşdirilməsidir.
Təqdimatda KİV-lərlə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması, cəmiyyətdə medianın rolu və digər məsələlərdən bəhs olunub.
Tədbirdə Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda haradasınız ?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib.
Digər çıxış edənlər də müasir dünyada təhsilin və mətbuatın mühüm rolundan, mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının əhəmiyyətindən danışıb, media–təhsil dialoqu barədə fikirlər səsləndiriblər.
Sonra təqdimatlarla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.