DİA-nın tələbəsi Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının vitse-prezidenti seçilib
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası fəaliyyət göstrdiyi 22 ildir ki, yüzlərlə insanın taleyində xoş izlər buraxıb.
Cəmiyyət üçün layiqli kadrlar yetişdirmək, gənc mütəxəssislərin kamil şəxsiyyət və vətəndaş kimi formalaşmasına nail olmaq nə qədər çətindirsə, gələcəkdə dövlətin və cəmiyyətin taleyində mühüm rol oynayacaq milli kadrların hazırlanması ikiqat məsuliyyətlidir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbələrinin ölkə və onun hüdudlarından kənarda qazandığı nailiyyətlərlə qürur duyur. Belə tələbələrdən biridə Samirə Səfərovadır.
O, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA- European Law Students Association) Vitse-prezident seçilmişdir.
Qəbul imtahanlarında 685 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunmuş Samirə Səfərova əlaçı tələbə olmaqla yanaşı, eyni zamanda, 2018-ci ildən bəri Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyində (ELSA Azərbaycan) Milli İdarə Heyətinin üzvü – Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident kimi fəaliyyət göstərir. Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Avropanın 44 ölkəsində 350-dən çox universiteti və 54500-dən çox hüquq tələbəsini özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələrini birləşdirən təşkilatdır.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Samirə Səfərova, 11-17 aprel 2021-ci il tarixində keçirilən Beynəlxalq Şura Toplantısında ELSA Beynəlxalq İdarə Heyətinin Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə namizədliyini irəli sürüb və 20-dən çox ölkənin səsini toplayaraq bu vəzifəyə seçilib. Onu da bildirək ki, Samirə Səfərova ELSA Beynəlxalq İdarə Heyəti tarixində bu şansı qazanmış ikinci azərbaycanlıdır. O, ELSA Azərbaycanda olan fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi, tanınmış hüquq şirkətlərində könüllü və təcrübəçi, Hüquq Jurnalında redaktor kimi fəaliyyət göstərir.
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovla Samirə Səfərova ilə görüşüb və gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi ediblər.