Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr edilmiş onlayn elmi konfransı keçirilib.
Onlayn konfransın açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa zaman ərzində süquta uğramasının səbəblərindən danışmış, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırladıb. Rektor, Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyib və müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi. Rektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, bu sahənin elmi araşdırılması və cumhuriyyəti quran aydınlarının xatirələrinin əbədiləşdirilməsinə olan diqqəti, xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirən rektor vurğulayıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi yüksək qiymətdir.
Onlayn konfransda Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “AXC-nin qurulması və iki illik dövrü”, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev “İstiqlal Bəyannaməsi və Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” adlı məruzə ilə çıxış ediblər. Natiqlər 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyiblər. Diqqətə çatdırılıb ki, Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. 28 may–Respublika gününün qeyd olunmasının vacibliyi, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük önəm kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu qeyd ediblər.