Dövlət İdarəçilik Akademiyasında “Qarabağa qayıdış: Vətən müharibəsindən Zəfərədək şərəfli yol” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Qarabağa qayıdış: Vətən müharibəsindən Zəfərədək şərəfli yol” adlı onlayn elmi konfrans keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Akademiyada Şuşadan olan rəssam Rövşən Bayramovun Şuşanın 17 məhəlləsini kətan üzərində çəkdiyi rəsm əsərlərinin sərgisinə baxış olub.
Konfransda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.
U.Ələkbərov diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu.
Akademik 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. O, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığını qeyd edib. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət idarəetməsi strategiyası olub.
Konfransda Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Politologiya kafedrasının müdiri professor Nigar Ələkbərova, kafedranın müəllimi politoloq Zaur Məmmədov və başqaları Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, ötən il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də 2021-ci ildə Qarabağın, o cümlədən Şuşa şəhərinin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərdən bəhs edilib.
Qeyd olunub ki, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.