loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Gənclər Fondunun rəhbərliyi ilə görüş keçirilib

18 noyabr 2021-ci ildə Dövlət İdarəçilik Akademiyasında Gənclər Fondunun rəhbərliyi ilə görüş keçirib. Hər iki dövlət qurumu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın Respublikasının son illərdə iqtisadi, siyasi, humanitar inkişafı ilə bağlı fikirlərini bildirib. Rektor qeyd olunan uğurların kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilib. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir. Bu prosesdə gənclərin iştirakının əhəmiyyətini vurğulayıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, hər iki dövlət qurumu arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi zəruridir.  F.Cəfərov bildirib ki, Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına və digər müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə töhfəmizi verməliyik.

Görüşdə Dövlət İdarəçilik Akademiyasının prorektoru dosent Cəfər Eyvazlı, şöbə müdiri professor Ziyafət Həbibova, dekanlar professor Elçin Əhmədov, Elnur Əliyev və Zaur Məmmədov iştirak ediblər.