loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası tələbələri “Şahid dindirmə müsabiqəsi”ndə iştirak etmişlər

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbələrindən ibarət komandası Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilən üç mərhələdən ibarət “Şahid Dindirmə Müsabiqəsi”ndə iştirak etmişdir.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin hüquq fakültələrində təhsil alan 68 tələbənin iştirakı ilə 34 komanda iştirak etmişdir. Komandalar arasında keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş iki komanda – Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin tələbələri müsabiqənin final mərhələsində çıxış etmişdir.

Müsabiqənin final mərhələsinə həmçinin, Baş Prokurorluğun təcrübəli əməkdaşları hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilmişdir. Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasının nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin IV kurs tələbələri Yusif Yusifov və Saleh Həsənov I yerə layiq görülmüşdür.

Tədbirin sonunda qalib komandanın üzvləri mükfatlandırılmış və onlara sertifikatlar verilmişdir.