Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyevin yeni idarəetmə texnologiyaları: Zəfərə aparan yol” mövzusu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə təşkil olunan elmi-praktik konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik, professor Urxan Ələkbərov Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində imzaladığı dövlət sənədlərindən birinin ölkədə inklüziv inkişafla bağlı olduğunu xatırladaraq deyib ki, iqtisadi inkişaf prosesində iştirakçılar üçün faydalı və bərabər imkanlar yaradan konsepsiyanın praktik məcraya yönəldilməsi dövlətimizin başçısının cəsarətli addımı idi. Bildirib ki, nəticədə iqtisadi inkişafın ənənəvi modellərinin genişləndirilməsinə, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitə, sosial müdafiə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirildi və iqtisadi inkişafda “İlham Əliyev modeli” bərqərar olundu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın cəmiyyətimizin sosial həyatında əsaslı rol oynayan layihələrinin inklüziv inkişafdan bəhrələndiyini vurğulayan Urxan Ələkbərov bu xəttin davam etdirildiyini bildirib.
Rektor dünyanın yüksək inkişaf etmiş 30 ölkəsi içərisində 25-ci yerdə qərarlaşan Azərbaycanın olmasını ölkədə tətbiq edilən yeni idarəetmə texnologiyasının uğurlarından biri adlandırıb. Urxan Ələkbərov beynəlxalq təhlil mərkəzlərinin Azərbaycanda dövlətin sosial siyasətinin səviyyəsinin iqtisadi inkişaf səviyyəsindən yüksək olduğu ilə bağlı rəyini vurğulayaraq deyib: “Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni idarəetmə texnologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla tətbiq olunmasının nəticəsi kimi ibrətamizdir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev Azərbaycandakı yeni idarəetmə texnologiyalarının öz konstruktivliyinə görə diqqəti cəlb etdiyini vurğulayıb. Bu konstruktivliyin xüsusilə dövlətin daxili və xarici siyasətində əks olunduğundan danışan İdarə Heyətinin sədri deyib: “İndiki həssas məqamda o konstruktivlik özünü Cənubi Qafqazın başlıca aktoru olan ölkəmizin Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Qərb münasibətlərində əyani surətdə göstərdi”.
Tarix elmləri doktoru, həmçinin bildirib: “Hesab edirik ki, bu, Prezident İlham Əliyevin yeni idarəetmə texnologiyalarında əks olunan xarici siyasət modeli kimi cəlbedicidir”.
Konfrans Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun “İlham Əliyev: milli hədəflərə aparan praqmatizm və strateji baxış”, BMTM-NİN şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Vəliyevin “Qarabağ zəfərindən sonra siyasi-diplomatik proseslər”, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin “Ermənistan dövlətinin məsuliyyətə cəlb edilməsinin beynəlxalq hüquqi mexanizmləri” mövzularında məruzələri ilə davam edib. Məruzələrdə postmünaqişə dövründə Azərbaycanın artan nüfuzunun onun iqtisadi siyasətlə sinxronlaşdırılacağına qəti əminlik ifadə olunub.
Daha sonra BMTM-nin şöbə müdiri Fuad Çıraqovun “Azərbaycanın xarici siyasəti: zəfərə aparan yol”, Azərbaycan Respublikasının Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsində liderin rolu”, BMTM-nin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycanın enerji siyasəti” mövzularında məruzələri təqdim edilib.