Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinə həsr edilmiş elmi konfrans keçirilib.
Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu deyib. Rektor qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Akademik U.Ələkbərov faciənin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini söyləyib.
Rektor faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırdığını, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırladıb.
Vurğulanıb ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib.
U.Ələkbərov Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinin sosial məsələlərinin həllinə daim xüsusi diqqət göstərdiyini bildirib.
Konfransda Milli Məclisin üzvü, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşavir Zaur Məmmədov, Tarix kafedrasının professoru Musa Quliyev və digərləri 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs edib, xalqımızın bu faciəni heç vaxt unutmayacağını, şəhidlərin xatirəsinin daim uca tutulacağını söyləyiblər.