Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu yerli icra hakimiyyətlərinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, aparıcı şöbələrin müdirləri və mövzuya aidiyyatı olan digər əməkdaşları üçün növbəti online təlim keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 24 noyabr 2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanmışdır. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Online təlim məhz bu dəyişikliklərin izahı, həyata keçirilməsinin metodları və s. izahı üçün nəzərdə tutulmuşdur.
Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri s.e.ü.f.d., dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış etmişdir. Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirmənin həyata keçirilməsi metodları və nəticələrin hesablanmasının yeni düstur formaları izah edilmiş, həmçinin qiymətləndirmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə slaydlarla müşayət olunan geniş təqdimat olmuşdur. Təlim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, yeni dəyişikliklərin əsas məqsədi dövlət qulluqçusunun fəaliyyətinə yeni innovativ metodlarla nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, peşəkarlığının artırılması, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, o cümlədən dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Təlimdə 130-dan çox inzibati vəzifə daşıyan dövlət qulluqçusu iştirak etmişdir. Təlimin sonunda dos. Rəcəb Rəhimli dövlət qulluqçularını maraqlandıran sualları cavablandırdı və praktik tövsiyələr verdi. Təlim diskusiya şəklində keçdi və uğurla başa çatdı.