loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında “Əməkdaşlıq və birgə fəaliyyət haqqında” Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutmuşdur.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən imzalanmış sənədin əsas məqsədi müxtəlif istiqamətlərdə birgə nəzəri və praktiki yönümlü tədbirlərin reallaşdırılması vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti sahəsində görülən işlərə töhfə verməkdən ibarətdir.
Memorandumda və tərəflərin təsdiqlədiyi “Fəaliyyət planı”nda əksini tapmış müddəalara əsasən gənclər təşkilatlarının nümayəndə və rəhbər heyəti eləcə də magistr təhsili alan tələbələr üçün “I İnkişaf Məktəbi” adlı ixtisasartırma kursunun və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.
Bununla yanaşı hər iki qurumun beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində gənclər üçün beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının yaradılması, gənclər təşkilatları nümayəndələrinin Akademiyanın nəzdində fəaliyyət göstərən elmi tədqiqat mərkəzlərinin fəaliyyətində yaxından iştirakına dair razılaşma əldə edilmişdir.
Anlaşma Memorandumundan irəli gələrək, Fondun rəhbər nümayəndələrinin tələbə heyəti üçün mühazirələrinin təşkili, Fond tərəfindən həyata keçirilən təcrübə proqramlarında magistr təhsili alan tələbələrin daha geniş iştirakının təmini və ümumilikdə Azərbaycan gənclərinin peşəkar inkişafı, gənclər siyasətinə dair mövcud vəziyyət və bu sahədə görülməsi məqsədəmüvafiq tədbirlər barədə birgə tədqiqatların aparılması, ölkəmizdə həyata keçirilən gənclərlə iş sahələrində elmi araşdırma və akademik məqalələrin hazırlanmasına metodik dəstəyin göstərilməsi əsas fəaliyyət istiqaməti kimi təqsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış “Əməkdaşlıq və birgə fəaliyyət haqqında” Anlaşma Memorandumu dövlət gencler siyasətindən irəli gələn çağırış və vəzifələrin icrası məqsədilə hər iki qurumun əlaqələrinin gücləndirilməsi baxımdan vacib rol oynayacaqdır.