loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Yeni çağırışlar kontekstində gənclər siyasəti” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri üçün onlayn formatda keçirilən “Yeni çağırışlar kontekstində gənclər siyasəti ” mövzusunda qısamüddətli təlim kursu keçirilib.

Layihənin ilk günündə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov ölkəmizdəki gənclər siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafında gənclərin rolu, eləcə də gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlar barədə iştirakçılara geniş məlumat veriblər.

Təlim proqramının iştirakçıları bu mahiyyətdə təşkil edilən interaktiv təlimlərin gənclər təşkilatlarının institusional və metodiki inkişafı, gənclər sektoru üzrə mütəxəssislərin və bacarıqlı insan resurslarının hazırlanması və dövlət tərəfindən yaradılan müvafiq inkişaf alətləri barədə məlumatlılığın artırılması baxımından xüsusi əhəmiyyəti olduğunu vurğuladılar.

Qeyd edək ki, proqram çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri professor Firdovsiyə Əhmədova, “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Fərid Quluzadə və digərləri dinləyicilər qarşısında çıxış etdilər.

Azərbaycanın aparıcı gənclər təşkilatlarının 90-dan çox nümayəndəsinin iştirakı ilə icra olunan layihənin həyata keçiriləcəyi 3 gün ərzində Azərbaycanda könüllülük hərəkatı, gənclərin ideya və təşəbbüslərinin reallaşmasına dövlət dəstəyi mexanizmləri, gənclərlə iş sahəsində beynəlxalq təcrübə, eləcə də gənclərdə dövlətçilik və vətənpərvərlik şüurunun formalaşmasının əhəmiyyəti kimi mövzularda mühazirələr dinləniləcək.

“Yeni çağırışlar kontekstində gənclər siyasəti” mövzusuna həsr olunan qısamüddətli təlim kursu Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında imzalanan 18 mart 2022-ci il tarixli Anlaşma Memorandumuna əlavə olunan Fəaliyyət Planı çərçivəsində icra olunur. Təlim interaktiv şəkildə keçirildi və uğurla başa çatdı.