Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 28 May – Müstəqillik Gününə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransın açılışında çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa zaman ərzində süquta uğramasının səbəblərindən danışıb, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırladıb. Rektor Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyib və müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.
Rektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, bu sahənin elmi araşdırılması və Cümhuriyyəti quran ziyalıların xatirələrinin əbədiləşdirilməsinə olan diqqəti, xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirən rektor deyib ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi yüksək qiymətdir.
Konfransda Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti. Tarixi aspekt”, Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov “Müstəqil Azərbaycan: siyasi irs”, Hüquq kafedrasının dosenti Rahib Əkbərov “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası: hüquqi aspekt” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğu bildirilib. Diqqətə çatdırılıb ki, Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. 28 May – Müstəqillik Gününün qeyd olunmasının vacibliyi, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük önəm kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu qeyd ediblər.