Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov tərəfindən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi uğurları” adlı ilk mühazirə DİA-ya 2022-2023-cü tədris ilində qəbul olunan bakalavr və magistrantlara oxunub.
Rektor öncə Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. O qeyd edib ki, məktəb müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. U.Ələkbərov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, müstəqilliyinin bərpasından keçən 30 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrində böyük uğurlar qazanıb. Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın rolundan bəhs edib.
Akademik U.Ələkbərov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Rektor qazanılan uğurların Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğunu vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu qeyd edib.
Rektor U.Ələkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. “Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olan həmin günlər xalq-dövlət, xalq-hakimiyyət birliyinin nümayişi idi. Bu, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın nə qədər vacib olduğunu parlaq surətdə nümayiş etdirdi. Azərbaycanı bu möhtəşəm Qələbəyə aparan Ali Baş Komandanın müdrik qərarları, müzəffər Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu. Qazandığımız bu Qələbə gəncliyimizə örnək oldu. Onlar gördülər ki, öz lideri ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir və qalibdir.
Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.