loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının “ASAN xidmət”lə həyata keçirdiyi layihənin növbəti təlimləri olub

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”dən irəli gələn tapşırıqların icrası ilə bağlı olaraq Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə Əməkdaşlıq Memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 5-dək “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün daim yenilənən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı təlimlər keçirilib.

Təlimlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov mövzu üzrə məruzə ilə çıxış edib. Rektor çıxışına müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin əhəmiyyətini xatırladaraq başlayıb. U.Ələkbərov vurğulayıb ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində respublikamız sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramları həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir.

Akademik iştirakçıların diqqətinə çatdırıb ki, inklüziv cəmiyyətin qurulması ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasındadır və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələdə ardıcıl fəaliyyəti respublikamızın müvafiq sahədə lider olmasına töhfə verir.

Təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğu, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycanda yüksək rifah cəmiyyətinin qurulmasının, azad edilmiş bölgələrə tarixi qayıdışın təmin edilməsinin vacibliyi vurğulanıb.

Rektor Urxan Ələkbərov təlimləri işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik əldə etdikdən bu günədək qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin nailiyyətlər barədə geniş məlumat verməklə yekunlaşdırıb.

Təlimlər diskussiya formatında davam edib və uğurla başa çatıb.