Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidmətində çalışan dövlət qulluqçuları üçün “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi texnologiyaları yeni inkişaf mərhələsində” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov mövzu üzrə təqdimatla çıxış edərək Azərbaycanın sürətli və innovativ inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının və tətbiq edilən yeni idarəetmə texnologiyalarının olduğunu xüsusi vurğulayıb. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində böyük roluna diqqət çəkib. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Rektor beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsində lider olduğunu qeyd edib. U.Ələkbərov inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. Eyni zamanda qeyd edib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahat və dəyişikliklərin məntiqi yekunudur. Akademik milli və beynəlxalq inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğundan söz açıb. Təlim müddətində müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğu, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə respublikamızda yüksək rifah cəmiyyətinin qurulmasının, azad edilmiş bölgələrə tarixi qayıdışın təmin edilməsinin vacibliyi qeyd olunub. Rektor Urxan Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verməklə yekunlaşdırıb. Təlimlər diskussiya formatında davam edib.
- 12 Okt
- 2022