26-30 sentyabr 2022-ci il tarixlərində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi” layihəsinin ikinci mərhələsi çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin nümayəndələri üçün “ŞT ölkələrində yaxşı idarəçilik üzrə payız məktəbi” təşkil olunub.
GİZ, Hertie Məktəbi və Alterbridge Beynəlxalq İdarəetmə və Kommunikasiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə DİA-nın Elektron idarəetmə şöbəsinin müdiri Sərxanbəy Xudiyev iştirak edib.
Payız məktəbi “Beynəlxalq münaqişələrin idarə edilməsi”, “Siyasətçilər üçün effektiv yazı”, “Dövlət sektorunda innovasiya və transformasiya”, “Dövlət sektorunda siyasi ünsiyyət və süni intellekt”, “Süni intellekt və insanların idarə edilməsi” və digər mövzuları əhatə edib. Təlimlər Almaniyanın dövlət qulluğu sahəsinin mütəxəssisləri tərəfindən aparılıb.
Payız məktəbi çərçivəsində 28 sentyabr tarixində İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyə səfər təşkil olunub.
“Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi” regional layihəsinin mənşəsini dövlət sektorunda müntəzəm qarşılıqlı təcrübə mübadiləsi yolu ilə müasir təlim yanaşmalarını inkişaf etdirmək və praktiki dəstək verməkdir.
2022-ci ilin yanvar ayından başlayan layihənin 2024-cü ilin oktyabr ayınadək davam etməsi planlaşdırılır. 2 illik regional layihə çərçivəsində müxtəlif təlimlər nəzərdə tutulub və layihə 6 təlim modulu ilə beş gün davam edən təlimi əhatə edir.