loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Texnologiyaların transferi və Elmin kommersiyalaşdırılması platformasının təqdimatı keçirilib

13 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Texnologiyaların transferi və Elmin kommersiyalaşdırılması platformasının (TTCP) təqdimatı keçirilib. Təqdimatda DİA-nın rektoru, professor-müəllim heyəti və tələbələr iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində ərsəyə gələn TTCP platformasının Dövlət İdarəçilik Akademiyasında təqdimatının keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Natiq vurğuladı ki, bu gün DİA-nın alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına və o cümlədən, dünya elminə töhfələr verməkdədirlər. Sonra tədbirdə çıxış edən DİA-nın “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının baş müəllimi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev Texnologiyaların transferi və Elmin kommersiyalaşdırılması platforması (TTCP) barədə tədbir iştirakçılarına məlumat verdi və qeyd etdi ki, keçirilən tədbirin əsas məqsədlərindən biri də elm-istehsalat əlaqələrinin genişlənməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələr, o cümlədən DİA-da həyata keçirilən innovativ layihələrlə tanışlıqdır. Daha sonra tədbirdə çıxış edən AMEA-nın YTP İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin rəhbəri Bünyamin Seyidov “AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) Əməliyyat proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi haqqında danışdı. O, qeyd etdi ki, AMEA YT Parkı ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə layihənin həyata keçirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında Koreya təcrübəsindən bəhrələnmək, həmçinin ölkəmizin ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar açmışdır. Tədbirdə çıxış edən BMU Sənaye mühəndisliyi kafedrasının dosenti, c.e.f.d. İsa Qasımov TTCP və onun təklif etdiyi xidmətlər haqqında və “CODDERS” MMC-nin həmtəsisçisi Seymur Həmidov TTCP platformasının təqdim etdiyi imkanlardan danışmışlar. Qarşılıqlı disskusiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılmışdır.