30 oktyabr-2 noyabr 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 30 illik yubiley tədbirləri keçirilib. Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun dəvəti ilə Bişkek şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi e.f.d.,dos. Rəcəb Rəhimli iştirak etmişlər. Tədbirdə Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının və nazirliklərin rəhbər işçiləri, müxtəlif ölkələrin Qırğızıstan Respublikasında akkreditə olunmuş səfirləri, Qazaxıstan, Türkmənistan, Özbəkistan Respublikalarının Dövlət İdarəçilik Akademiyalarının rektorları, Almaniyanın Hanns Zaidel Fondunun rəhbər heyəti, Varşava, Şimali Makedoniya Universitetlərinin, Bavariya Dövlət İdarəçilik Məktəbinin nümayəndələri və Qazaxıstan Regional XAB-ın Rəhbər Komitəsinin sədri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib. Tədbir çərçivəsində 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkəmizin innovativ iqtisadi, sosial, humanitar inkişafı ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2022-cı il üçün qiymətləndirmələri diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyasının olduğu xüsusi vurğulanıb. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğuna diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Yubiley tədbirində DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi e.f.d., dos. Rəcəb Rəhimli insan resurslarının idarə edilməsi sahəsində müasir modellərin tətbiqi, dövlət qulluğunda insan resurslarının idarə edilməsi, insan resurslarının fəaliyyətinin qiymətləndirilməsi mövzularında aparılan müzakirələrdə iştitak edərək bu sahədə Azərbaycanda həyata keçirilən islahatlar haqqında məlumat vermişdir. Qırğızıstan Respublikasının Baş naziri Alıbek Japarov yubileydə iştirak edən rəhbər nümayəndə heyətini qəbul edib.
- 18 Noy
- 2022